Siyəzən Rayon Gənclər və İdman İdarəsinin, Rayon Polis Şöbəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq təşkil olunan yarış gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, zərərli vərdişlərin yayılmasının qarşısının alınması, həmçinin gənclərin daxili işlər orqanlarında xidmətə həvəsləndirilməsi məqsədi daşıyıb.

Yarışın açılış mərasimində dövlət himni səsləndirilərək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə çıxış edənlər tərəfindən yarışın məqsədləri və qaydaları haqqında iştirakçılara məlumat verilib. Yarışda 100-ə yaxın yeniyetmə və gənc idmançı müxtəlif mərhələlər üzrə öz qüvvəsini sınayıb. Sonda yarışın qaliblərinə təşkilatçılar tərəfindən medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.