Siyəzən şəhər 4 saylı tam orta məktəbdə “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası günü” münasibəti ilə boks üzrə 2008-2009-cu və 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən yarışda 30 nəfərə yaxın yeniyetmə boksçu müxtəlif çəki dərəcələrində qüvvəsini sınayıb.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra birinciliyin keçirilmə məqsədləri haqqında iştirakçılara məlumat verilib.

2 gün davam edən yarış yeniyetmələrin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, boks idman növünün inkişaf etdirilməsi, bu idman növünə yeniyetmələrin marağının artırılması, perspektivli idmançıların aşkara çıxarılması, yeniyetmə boksçuların yarış təcrübəsinin artırılması, eləcə də sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyıb.

Yekun nəticəyə əsasən yer tutmuş boksçular Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.