Səkkiz boksçumuz AÇ-nin yarımfinalında
- 13:20
- 35
Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycanın 8 təmsilçisi yarımfinala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, 1/4 final mərhələsinin son günündə millinin daha 6 üzvü yarımfinala yüksəlib.
Cəmilə Muradlı (57 kq) Rozali Uhrova (Çexiya) ilə qarşılaşıb. Döyüş təmsilçimizin 4:1 (29:28, 29:28, 30:27, 28:29, 29:28) hesablı qələbəsi ilə başa çatıb. O, yarımfinalda Morena Stifani (İtaliya) ilə üz-üzə gələcək.
Həsrət Məmmədov (46 kq) Kristian Mezesi (Slovakiya) 79 saniyəyə üstələyib. Boksçu final uğrunda Ronan Çarlzla (İrlandiya) münasibətinə aydınlıq gətirəcək.
İsmayıl Nəsirzadə (52 kq) Qleb Qrinblatı (İsrail) məğlub edib – 5:0 (29:26, 29:26, 29:25, 29:25, 30:24). O, növbəti cəhdində Martin Nevini (İrlandiya) sınağa çəkəcək.
Qardaş Rəhimov (54 kq) bu dəfə Nikita Beskaravaynı (Belarus) üzərində qələbə qazanıb – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Milli üzvü yarımfinalda Strahinya Mrdakla (Monteneqro) gücünü yoxlayacaq.
Məhəmmədəli İstamov (57 kq) Eleftherios Zurnatsisə (Yunanıstan) qalib gəlib. Boksçumuz ilk 2 raundu aktivinə yazdıqdan sonra rəqib məşqçi döyüşdən imtina edib. İstamov növbəti görüşündə Nikita Zaxarçenko (Ukrayna) ilə qarşılaşacaq.
Hidayət Məmmədov (70 kq) isə Sandro Tsimtsba (Rusiya) üzərində inamlı qələbə qazanıb. O, ilk raundda rəqibini nokaut edib. Məmmədov yarımfinalda Paddi Nevinlə (İrlandiya) döyüşəcək.
Nəticədə yarımfinala adlayan Azərbaycan boksçularının sayı 8-ə yüksəlib. Daha öncə Səma Abbasova (66 kq) və Xumar Cəfərli (+80 kq) də bu hüquqa yiyələnib.
Yarımfinala yüksələn milli üzvləri özləri üçün azı bürünc medalı təmin ediblər.
Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, final görüşləri oktyabrın 11-də baş tutacaq.