Şahin Bağırov Şirvanda yeniyetmələrlə görüşüb
- 16:32
- 37
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Şirvanda yeniyetmə voleybolçularla görüşüb. "Rekord.az" xəbər verir ki, Şirvan Olimpiya və İdman Kompleksində təşkil olunan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər təhsil sektorunun müdiri Varis Qasımlı, həmçinin digər qonaqlar iştirak ediblər.
Görüşdə yeniyetmə və gənc idmançılarla yanaşı, hazırda müxtəlif klublarda çıxış edən Şirvan rayonunun voleybolçuları da iştirak ediblər.
Çıxış edən federasiya prezidenti Şahin Bağırov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanda idmana göstərilən dövlət qayğısından, həmçinin regionlarda voleybola marağın artırılması və gənclərin idmana cəlb olunmasının əhəmiyyətindən danışıblar.
Tədbirdə federasiya tərəfindən bölgədə voleybolun inkişafına göstərilən dəstəyə görə Şirvan Şəhər İcra Hakimiyyətinə, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinə və Şirvan-Salyan Regional Təhsil İdarəsinə təşəkkürnamələr təqdim olunub.
Daha sonra qonaqlar yeniyetmə voleybolçuların oyununu izləyiblər.