Astara Dənizkənarı Park Bulvar Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika və Gimnastika Federasiyalarının təsdiq etdikləri “Sağlam həyat” layihəsinə əsasən Astara Rayon İcra Hakimiyyəti, YAP Astara rayon təşkilatı, Astara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun Astara rayon Təhsil Sektoru və “İntellektli və Sağlam Gənclər” İctimai Birliyinin dəstəyi ilə “Sağlam həyat” günlərinin 16-17 yaşlı məktəblilər arasında Astara rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, 14 müxtəlif yaş qrupları üzrə keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsədi 9 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Bakı şəhərində 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışında göstərilən tapşırıqların və əhalinin açıq havada idman ilə məşğulluğuna şəraitin yaradılması, müxtəlif yaş qruplarını əhatə edən insanların bədən tərbiyəsi və idman məşğələlərinə şüurlu tələbatını formalaşdırmaq, uşaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək, böyüməkdə olan gənc nəslin orqanizminin möhkəmləndirilməsi, fiziki kamilliyinin formalaşması, onların iş, təhsilalma və öyrənmə qabiliyyətinin və vətənpərvərlik ruhunun yüksəldilməsi, ölkədə bədən tərbiyəsi və idmanı təbliğ etmək, sağlam cəmiyyətin qurulmasınına, müxtəlif yaş qrupuna aid insanların fəal uzunömürlülüyünə dəstəyi təmin etməkdir.

Tədbirin açılış mərasimində Astara RGİİ-nin rəisi Rufan Şirinov, Lənkaran-Astara Regional Təhsil İdarəsinin Astara rayon Təhsil Sektorunun Çağırışa qədər hazırlıq və Fiziki tərbiyə üzrə metodisti Rasim Cəfərov, Astara RGİİ-nin rəis müavini, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” İqrar Cəfərov, Astara şəhər 3 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi, Atletika üzrə 5 qat Azərbaycan çempionu Rəşad Əliyev çıxış etmiş tədbirin əhəmiyyətini qeyd etmiş və məktəblillərə uğurlar arzulamışlar.

Yarış oğlanlar və qızlar arasında ayrıca turnikdə dartınma, döşəməyə dayaqlı vəziyyətdə qolların açılıb bükülməsi, yerindən uzunluğa tullanmaq, 1 kiloqramlıq tibbi topu atmaq mərhələləri üzrə keçirilmişdir.

Yekunda oğlanlar arasında I yerə Elgün Ramazanov ( Şüvi kənd tam orta məktəb ), II yerə Emil Rəcəbov ( Səncərədi kənd t.o.m) , III yerə Bilal İsmayılov (Sərək kənd t.o.m), fərqləndirici yerlərə Rüfət Məmmədov ( Astara şəhər 3 saylı t.o.m), Aqşin Ramazanov (Sərək kənd t.o.m), Firdovsi Şabanov (Səncərədi kənd t.o.m) , Nicat Nəzərov (Astara şəhər 6 saylı t.o.m), qızlar arasında I yerə Məleykə Nəsirova (Astara şəhər 2 saylı t.o.m), II yerə Günay Əliyeva ( Astara şəhər 2 saylı t.o.m), III yerə Xədicə Məmmədova (Səncərədi kənd t.o.m) layiq görülmüşlər.

Fəxri yerləri qazanan, fərqlənən məktəblilərə Astara RİH tərəfindən təsis olunmuş hədiyyələr və Astara RGİİ-nin diplomları təqdim olunmuşdur.