
“Sabah”la oyundan qalib ayrılacağıq" – “Levski” rəsmisi
- 17:45
- 41
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sabah"ı rəqibi olan “Levski”nin baş direktoru Daniel Borimirov komandalar arasında keçiriləcək cavab matçı ilə bağlı danışıb.
Rekord.az "Tema Sport"a istinadən xəbər verir ki, klub rəsmisi komandanın “Sabah”la cavab matçı üçün Bakıya yola düşərkən deyib ki, sərfəli nəticə ilə qayıdacaqlarına inanır:
"Sakit deyilik. Düşünürəm ki, yaxşı hazırlaşmışıq və ümid edirəm ki, sabahkı matçı taktiki cəhətdən çox düzgün oynayacağıq, və qarşılaşmadan qalibi kimi ayrılacağıq, Heç bir matç oxşar deyil. Ona görə də bizim üçün ən vacibi məşqçinin futbolçularımız qarşısında qoyduğu vəzifələrin tam şəkildə yerinə yetirməsidir. Düşünürəm ki, biz buna nail olacağıq",
D.Borimirov hücumçu Mustafa Sanqarenin yoxluğuna da toxunub: "O, fiziki cəhətdən çox yaxşı oyunçudur. Öz oyunu ilə ən azından “Sabah”ın iki oyunçusunu özünə cəlb edəcəkdi. Bununla belə, inanıram ki, baş məşqçi Velaskes “Sabah”ı yaxşı analiz edib və düzgün qərar verəcək".
D.Borimirov əlavə edib ki, Bakıda qeydə alınacaq yaxşı nəticə təkcə "Levski"nin irəliləməsi üçün deyil, ümumilikdə Bolqarıstan futbolu üçün faydalıdır: "Ümid edirəm ki, biz bunu etməyi bacaracağıq. Bolqarıstan futbolunun hansı səviyyədə olduğunu görürsünüz və biz oyanıb pilləkənlə qalxmağa başlamalıyıq".
Qeyd edək ki, "Sabah" Sofiyada keçirilən ilk matçda "Levski"yə 0:1 hesabı ilə uduzub. Cavab oyunu avqustun 14-də Bakıda olacaq.