Latviyanın RFŞ komandasının baş məşqçisi Viktor Moroz “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununu şərh edib.

Rekord.az xəbər verir ki, 43 yaşlı mütəxəssis öz meydanlarında uduzmalarına baxmayaraq, hələ də mübarizəni davam etdirəcəklərinə inanır:

“Nəticə oyuna görə olmadı. Çünki bizim çoxlu qol şanslarımız oldu. “Sabah” isə üç imkandan ikisini qola çevirdi. Rəqib əks-hücumlarda çox təhlükəlidir. Təəssüfləndiyim məqam odur ki, qol vura bilmədik. Buna rəğmən ümidimizi itirmirik. Azərbaycana qələbə qazanaraq revanşı almaq üçün gedəcəyik. Zəif komanda olmadığımızı gördük. Çətin görünsə də, şanslarımız var. Hələ heç nə bitməyib”.

“Sabah”la RFŞ arasında cavab oyunu avqustun 3-də “Bank Respublika Arena”da keçiriləcək.