"Orhus"un baş məşqçisi Yakob Poulsen Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Sabah"a qarşı cavab oyunundakı 0:4 hesablı məğlubiyyəti şərh edib.

Rekord.az xəbər verir ki, danimarkalı mütəxəssis matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- İkinci hissədə nə baş verdi?

- Ciddi səhvlərə yol verdik, rəqibə topa sahib olmaq imkanı yaratdıq. "Sabah" kimi komandaya belə şans versəniz, sizi cəzalandıracaq.

- İlk qolu necə şərh edərdiniz?

- Topa nəzarət etmək istəyirdik, lakin üstünlük rəqibə keçdi və onlar təzyiqi artırdılar. Müdafiədə səhvlərə yol verdik. Bunun nəticəsində böyük hesablı məğlubiyyətlə üzləşdik.

- Növbəti mərhələdə rəqibinizin "Benfika" olacağı gözlənilir. Şanslarınızı necə qiymətləndirirsiniz?

- Qarşıda çempionat oyunumuz var. Ondan sonra "Benfika" barədə düşünəcəyik.

- Bir hissədə 4 qol buraxacağınızı gözləyirdiniz?

- Əlbəttə, belə bir şey gözləmirdik. Öz səhvlərimizə görə belə məğlub olduq. "Sabah" pley-off mərhələsinə yüksəlməyə layiq idi. İki oyunun nəticəsinə baxsaq, yaxşı oyun nümayiş etdirdilər. "Sabah" növbəti mərhələyə layiq olduğunu sübut etdi.

- "Sabah"ın hansı futbolçusunu komandanızda görmək istərdiniz?

- "Sabah"ın keyfiyyətli futbolçuları var, xüsusilə hücumda effektiv çıxış edirlər. İvan Lepinitsanı xüsusilə qeyd edərdim.