Rui Jorgenin amansız həmyerliləri
- 17:49
- 125
Mən orta məktəbdə oxuyanda məktəbimizə Rusiyadan bir sehrbaz gəlmişdi. Müxtəlif fokus nömrələri göstərir, hamını heyrətləndirirdi. Belə nömrələrin birində üç nəfərə alma verdi, öz gözlərini bağladı. Dedi ki, siz almaları bu zalda gizlədin, mən onlara tapacam. Bir şərti var idi ki, almaları gizlədən o üç nəfər ürəyində almanı gizlətdiyi yerin adını təkrarlayacaq və həmin istiqamətə baxacaq. Sehrbaz iki nəfərin gizlətdiyi almanı tapdı, amma üçüncünü tapa bilmədi. Onu məktəbin texniki işçilərindən biri gizlətmişdi. Qırmızısifət, uzunsaçlı sehirbaz qan-tərə batdı, sifəti bir qədər də qızardı, amma almanı tapmağı bacarmadı. Onu gizlədənin qolundan yapışıb zalda o tərəfə - bu tərəfə getdi, bütün cəhdləri boşa çıxdı, çarəsiz qalıb təslim oldu.
Hamı heyrət içində idi. Almanı gizlətməyi bacaran məktəbin rəngsazı o boyda sehirbazı üstələmiş, onu pərt etməyi bacarmışdı. Tamaşa bitəndən sonra rəngsazdan soruşdular ki, bunu necə bacardı. Cavabında rəssam almanı gizlətdi yerə yox, başqa istiqamətə baxdığını, ürəyində isə dayanmadan “ay köpəyoğlu, ay tapdın ha” sözlərini təkrarladığını dedi. Bu söhbət uzun müddət məktəbdə dillər əzbəri oldu. Əminəm ki, bizim kimi rusiyalı sehrbaz da məktəbimizin rəngsazını unutmadı. Başa düşdü ki, Azərbaycanda ondan da güclü fokus çıxardanlar var, bizimkilərlə hesablaşmaq lazımdır.
AFFA Azərbaycanın U-20 yığmasını Rui Jorgeni baş məşqçi təyin edib. 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək yığmaya Rui Jorge rəhbərlik edəcək. Amma onun meydana hansı futbolçularla çıxacağı, kimləri oynadacağı bəlli deyil. Yaxşı yadımızdadır. 2016-cı ildə Bakıda U-17 yığmalarının Avropa çempionatı keçirilirdi. Meydan sahibi kimi bizim komandamız da final mərhələsinə qatılmışdı. Türkiyədən də xeyli sayda “milliləşdirilmiş” futbolçunun forma geydiyi komandamız ilk görüşdəcə Portuqaliya ilə qarşılaşdı və 0:5 hesabıyla məğlub olduq. Bununla da başa düşdük ki, Avropa çempionatının final mərhələsi bizim yerimiz deyil.
Rui Jorgenin həmyerliləri o vaxt olduğu kimi bu dəfə də bizə rəhm etmədi. Portuqaliyada 0:5 hesabıyla uduzan U-21 yığmamız doğma meydanda da böyük hesabla məğlub oldu. Portuqallar bu dəfə 4:0 hesablı qələbəyə sevindilər. Yəqin ki, bu qarşılaşmanı Azərbaycana ilk qədəmlərini atan cənab Jorge də izlədi. Artıq yavaş-yavaş başa düşəcək ki, hara gəlib, qarşıda onu nələr gözləyir. Fernandu Santuş kimi məğlubiyyətlərə şahidlik edəcək, məvacibini vaxtlı-vaxtında alacaq və bir gün təzminatını hesablamaq lazım gələcək. Pessimist proqnoz verdiyim üçün məni qınamayın. Biz Azərbaycan futbolunun altına da, üstünə də bələdik. Əlimizdəki “material”ın nəyə qadir olduğundan xəbərdarıq.
Bizimkilər yaxşı fokus göstərməyi də, fokus göstərənləri pərt etməyi də yaxşı bacarırlar. Amma futbol oynamağı hələ də öyrənməmişik. Bunu 20 yaşında öyrənmək ümumiyyətlə, mümkün deyil. Ona görə də Jorgedən möcüzə gözləməyə dəyməz. Futbolçunu akademiyada yetişdirmək lazımdır. Biz isə legioner limitini ləğv etməklə ölkədəki yeganə normal futbol akademiyasını da məhv etmişik. Artıq futbolçu yetişdirmək, yerli gənclərin qayğısına qalmaq heç kimə maraqlı deyil. Rusiyalı sehrbaz məktəbimizdəki rəngsazın gizlətdiyi almanı necə tapa bilmədisə, Portuqaliyadan dəvət edib, sehrbaz gözü ilə baxdığımız Rui Jorge burda 20 yaşında futbolçu tapa bilməyəcək. Onun amansız həmyerliləri də bunu bizə bir daha göstərdilər.