Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya) oyununun vaxtı dəyişdirilib.

Rekord.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 13-ü yox, sentyabrın 14-ü keçiriləcək. Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə bağlı yaranan təşkilati problemlərə görə bu qərar verilib.

Beləliklə görüş sentyabrın 14-ü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00) başlayacaq.

“Napoli” azarkeşləri Şotlandiyanın Qlazqo şəhərindəki “İbroks” stadionuna buraxılmayacaq. “Reyncers” azarkeşləri də İtaliyada “Napoli” ilə cavab oyununda iştirak edə bilməyəcəklər. UEFA azarkeşləri bu  vəziyyətə hörmət etməyə və başa düşməyə çağırıb.