
Respublika stadionunun qazonunda ciddi problemlər FOTOLAR
- 15 Sen 2022 11:00
- 474
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti görüşünü “Nant”a qarşı keçirəcək.
Rekord.az xəbər verir ki, Fransa təmsilçisi ilə oyun Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Qurban Qurbanovun jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransından sonra media əhli ölkənin ən yaşlı arenasının qazonunu yaxından görmək imkanı qazandı.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, beynəlxalq yarışı qəbul edəcək ot örtüyü heç də ideal vəziyyətdə deyil.
Qazonun müxtəlif yerlərində saralmalar müşahidə olunur. Oyun vaxtı həmin hissələrin qopacağı, futbolçuların ayaqları altında yararsız hala düşəcəyi şübhə doğurmur.
Bu isə digər əcnəbi rəqiblər kimi, “Nant”ın məşqçi və futbolçuları üçün tutarlı bəhanə olacaq. Fransızlar bir tərəfə, texnikalı futbol sərgiləyən “Qarabağ”lı futbolçuların özləri də əziyyətə qatlaşmalı olacaq.
Sentyabrın ortasıdır, artıq xeyli vaxtdır havanın hərarəti qaydasına düşüb. Və ən əsası, qazon yüklənmir, “Qarabağ”lılar sonuncu dəfə həmin otun üzərinə 1 ay əvvəl – avqustun 17-də ayaq basıb.
Belə olduğu halda örtüyün yararsız halda olması böyük sual doğurur. Yəqin ki, müvafiq şəxslər həmin sualın cavabını yaxşı bilir.
Sentyabrın 15-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Nant” görüşü 20:45-də başlayacaq.
sportinfo.az