Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında qız boksçuların mübarizəsinə yekun vurulub.


Rekord.az xəbər verir ki, millimiz Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan turniri 1 qızıl, 5 gümüş və 4 bürünc medalla başa vurub.


Baş məşqçi İlkin Ağayevin rəhbərlik etdiyi komandada Gülər Hüseynova (48 kq) Oyunların qalibi adına yiyələnib. O, bu gün keçirilən final döyüşündə Darya Qavrinanı (Rusiya) məğlub edib. Rəqibinə 4:1 (29:28, 28:29, 29:28, 30:27, 30:27) hesabı ilə qalib gələn boksçumuz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, MDB Oyunlarında Azərbaycan boks tarixinə ilk qızıl medal kimi düşüb. İndiyədək heç bir idmançımız bu uğura imza atmayıb. Qızlardan ibarət millimiz isə analoji 2 yarışda 1 gümüş və 7 bürünc mükafata yiyələnib. Rusiyada keçirilən I MDB Oyunlarında üç boksçumuz 3-cü olubsa, II MDB Oyunlarında bir idmançımız 2-ci, dördü 3-ü yeri tutub.  


III MDB Oyunlarında digər boksçularımızdan Aysel Fərəcova (46 kq), Əminə Tağı (50 kq), Cəmilə Muradlı (54 kq), Aynur İsmayılova (60 kq), Fidan Bakarova (63 kq) gümüş, Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruqəyya (57 kq) və Səma Abbasova (66 kq) MDB Oyunlarında bürünc medal qazanıblar.


Nəticədə 1 qızıl, 5 gümüş və 4 bürünc mükafat əldə edən boksçularımız MDB Oyunlarında həm medalların əyarında, həm də sayında yeni rekord müəyyənləşdiriblər.


Qeyd edək ki, yarışın son günündə – oktyabrın 5-də isə oğlan boksçularımız final döyüşünə çıxacaqlar. Artıq aktivində 9 bürünc medal olan bu komanda 5 çəkidə final qarşılaşmasında qızıl medal uğrunda mübarizə aparacaq.