“Qəbələ” İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayıb. 

Rekord.az xəbər verir ki, fəaliyyəti isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət “EUROCLİMA” MMC “Qəbələ” Futbol Akademiyasının forma arxası sponsoru olub.

Dünən klub və şirkət arasında rəsmi müqavilə imzalama mərasimi baş tutub. Qəbələ şəhər stadionunda təşkil edilən tədbirdə klubun prezidenti Fariz Nəcəfov, şirkətin təsisçisi Aslan Abdullayev və jurnalistlər iştirak ediblər. “Qəbələ” İdman Klubu ilə “EUROCLİMA”  arasındakı sponsorluq razılaşması 3 il müddətinə imzalanıb. Anlaşmaya əsasən akademiyanın komandalarının oyun formalarının arxa hissəsində “EUROCLİMA” brendinin loqosu əks olunacaq. Rəsmi oyunlar zamanı şirkətin loqosu olan bannerlər yerləşdiriləcək. Bundan başqa Qəbələ şəhər stadionundakı meydançalardan biri “EUROCLİMA” adını daşıyacaq. İmzalama mərasimində klub prezidenti Abdullayevə “Qəbələ”nin 39 nömrəli formasını hədiyyə edib.

Nəcəfov çıxışında son vaxtlar klubun büdcəsinin azalması və bunun akademiyaya da təsir etdiyini bildirib. Bu səbəbdən də yeni sponsorla anlaşmanı əhəmiyyətini önə çəkən klub rəhbəri durumun qat-qat yaxşılaşacağını qeyd edib. O bildirib ki, sponsorluq sayəsində əldə olunan vəsait akademiyaya yönələcək və bir neçə komanda beynəlxalq turnirlərə göndəriləcək. Abdullayev “Qəbələ” Futbol Akademiyasının uşaq futbolunda ön sıralarda olduğunu, ölkənin bütün klublarda yetirməsinin yer aldığını vurğulayıb. O, sosial layihə çərçivəsində bu idman növünün inkişafına dəstək olmaq arzusunu açıqlayıb.

Əsası 2010-cu ildə qoyulan şirkətin profili Bakıda və Azərbaycanın müxtəlif regionlarında məşhur Avropa istehsalçılarının məhsulları olan isitmə, soyutma, havalandırma və su təchizatı sistemlərinin satışı, quraşdırılması və satış sonrası servisindən ibarətdir. “EUROCLİMA” Almaniyanın, İtaliyanın, Danimarkanın, Türkiyənin, Rusiyanın ən keyfiyyətli Avropa məhsullarını Azərbaycan şəraitinə uyğunlaşdırılmış (işıq, su, qaz) formada ölkəmizə gətirir.