Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Rəqibi analiz etmişdik. Onların UEFA Çempionlar Liqasının təsnifat mərhələsindəki görüşlərini izləmişdim. “Qarabağ"ın çox güclü futbolçuları var. Bu matçın belə keçəcəyini gözləyirdim. İlk 20 dəqiqədə çox yaxşı oynadıq”.

Almaniyalı mütəxəssis "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla görüşdən əvvəl və sonra söhbət etdiyini xatırladıb: "Ona Bakıya gedəcəyim üçün və belə rəqibə qarşı mübarizə apardığımız üçün şad olduğumu bildirdim".

Ştrayx Azərbaycana getmək istədiyini növbəti dəfə təkrarlayıb: "Bu ölkənin yeməyinin dadına baxmışam. Sizin regionla maraqlanıram. Hətta Gürcüstana da getmək istəyirdim. Amma pandemiya vaxtına düşdüyü üçün alınmadı".

Mütəxəssis qrupda favoritin olmadığını sözlərinə əlavə edib: "Hər 4 komanda eyni gücdədir. Hələlik kimin birinci və ya dördüncü olacağını deyə bilmərəm. Amma bilərəm ki, onların arasında da fərq çox olmayacaq. "Qarabağ" da güclü komandadır".