"Qarabağ"ın qeyri-standart vəziyyəti - yazı
- 15:31
- 41
"Qarabağ" bu mövsüm avrokuboklarda 5 oyun keçirib və bu matçlarda toplam 51 künc zərbəsi yerinə yetirib, qol vura bilməyib. Bu, hər oyuna ən azı 10 şans deməkdir. Ümumiyyətlə, komandanın standart vəziyyətlərdən yararlanma çətinliyi var və bu uzun müddətdir belədir. Bunu problem olaraq qəbul edirsinizmi və həlli üçün əlavə çalışmalar etmək, yaxud digər planınız varmı?"
Dünən mətbuat konfransında baş məşqçi Qurban Qurbanova standart vəziyyətlər barədə bu sualı verdim. Hoca da "bəli, qəbul edirəm"lə başladı, izahını verdi, məşqlərdə mütəmadi bununla bağlı çalışdıqlarını, daha yaxşı olacaqlarını dedi. Doğru, məntiqli danışdı.
Amma fakt odur ki, "Qarabağ"ın standart vəziyyət problemi var. İstər müdafiə, istərsə də hücum planında. Bu məqama xüsusi diqqət çəkməyimin səbəbi var və bunu indi izah edəcəm.
Hamımız bilirik ki, son illərdə standart vəziyyətlərdən istifadə dünya futbolunun trendinə çevrilib. Bu baxımdan inkişaf etməyən, üzərində çalışmayan komandanın uğur qazanma şansı yoxdur. 20 ildir qızıl medallara həsrət qalan "Arsenal"ın bu il Premyer Liqanı qazanması və Çempionlar Liqasında finala qədər irəliləməsi nümunəsi ən üzdə olanıdır. Bu uğurun 1 nömrəli səbəbi Mikeı Artetanın yetirmələrinin künc zərbələri, autlar, ümumilikdə bütün standartlardan maksimum yararlanması idi. "Topçular"ın da, digər ingilis komandalarının da, Avropanın, dünyanın digər güclü komandalarının da vacib hesab etdiyi, bunun üçün ixtisaslaşmış ən yaxşı mütəxəssisləri cəlb etdiyini də bilirik. Məsələn, 5 il, 10 il əvvəl kimsə "komandaya aut məşqçisi cəlb etmişik" desəydi, gülərdik. İndi belə şeylər artıq izafiyyət yox, ehtiyacdır. Çünki futbol oyun olaraq bahalaşıb, hər qolun dəyəri birə-on artıb.
Düşünürsüzsə ki, məşqçilər standartlara bu qədər vaxt ayırmağı sevirlər, yanılırsız. Hamı normal futbol oynamaq istəyir, "səhnələşdirilmiş" epizodları məşq etmək isə yorucudur, bezdiricidir. Heç kim sevmir bunu.
Bəs niyə komandalar standartlara bu qədər yönəliblər?
Cavab çox sadədir: çünki tempə dözmürlər.
Dünya futbolu o qədər atletikləşib ki, ən böyük, ən nəhəng komandalar da ən yaxşı futbolçuları cəlb etməklə belə rəqiblərindən geri qalmaq təhlükəsi yaşayırlar. İngiltərə Premyer Liqasında, ÇL-in son mərhələlərində oyunlara baxanda sanki robotların döyüşünü izləyirmiş kimi hisslərə qapılırıq. Özümüzə "bunların oynadığı futboldursa, bizim oynadığımız nədir" sualını veririk. Əslində isə futbol həmin futboldur, fərq güc, sürət və tempdədir. Və məsələ odur ki, hətta bu "robotlar" da bu tempə dözmürlər, mütləq nəfəs dərməyə ehtiyac duyurlar. Çünki bu oyunları 3 gündən bir oynamağa məcburdurlar. Daxili çempionat, kubok, avrokuboklar, milli komandaların oyunları və s. matçların sayı o qədər çoxalıb ki, normal canlı buna dözməz. Hər matç da əhəmiyyətlidir, hər matç puldur, hər matç gəlirdir. Futbolçulara olan tələblər çox böyüyüb, qazandıqları ciddi pulların qarşılığını verməyə məcburdurlar. Ona görə də meydanda gəzdikləri yerdə zədə almaq ehtimalları əvvəlki illərə nisbətdə dəfələrlə çoxdur.
Belə məqamlarda köməyə standart vəziyyətlər gəlir. Bu, qola, nəticəyə ən qısa yoldur. Oyunu müdafiədə keçirib, bir-iki standartdan yararlanıb üstünlük qazanmaq, matçı "ekonom rejim"də bitirmək şansı yaranır. Əsas heyət oyunçularının bəziləri dincəlmək, zədə ehtimalı olanlar hər matçda meydana çıxmamaq imkanı əldə edirlər. Yalnız bir cəbhədə mübarizə aparan komandalar üçün vacib olmaya bilər, amma hədəfləri böyük olanlar bu yolu seçməyə sadəcə məcburdurlar.
"Qarabağ"ın da bu aspektdə inkişafı mütləqdir. Ötən mövsüm göstərdi ki, avrokuboklarda uğurlu çıxış özü ilə normadan artıq yüklənmə gətirir, yorğunluq uzun müddət komandanı geri salır, mütəmadi nəticə qazanmağa imkan vermir. Onsuz da ağdamlıların heyəti heç vaxt yetəri qədər geniş olmayıb, ehtiyat qüvvə baxımından həmişə çətinlik yaşayıblar, ağırlıq da "onurğa" futbolçulara düşüb. Bu səbəbdən də komandanın standart vəziyyətlər məsələsində daha diqqətli olması, buna daha çox vaxt ayırması təxirəsalınmaz, cari ehtiyacdır.