“Qarabağ” “Aşdod”un qapı istiqamətinə 9 zərbə vurub. Bu zərbələrdən üçü bilavasitə “çərçivə”yə gedib. Rəqibin Şahruddin Məhəmmədəliyevin qoruduğu qapıya doğru vurduğu zərbə sayı üçə bərabərdi. Həmin zərbələrin birinin istiqamətini müdafiəçilərimiz dəyişib, ikisi isə qapıdan yan keçib. Yəni ki, dünən axşam hamımızın əsəbləriylə oynayan İsrail “Aşdod”u Şahruddinin qoruduğu qapının “çərçivə”sinə düşə bilməyib. Onlar tipik müdafiə taktikası, praqmatik fəlsəfəyə söykənən elementlərlə Bakıdan qolsun heç-heçəylə evə qayıtdılar.


Biz belə “kino”nu əvvəllər çox görmüşük. Həm “Qarabağ”ın, həm də İsraildən ölkəmizə rəqib qismində gələn komandaların ifasında. Məlum məsələdi ki, “Qarabağ” hələ kollektiv kimi relsə düşməyib. Gedənlər gedib, gələnlər gəlməkdədi. Gedənlərin yeri tam dolmayıb, gələnlər də yeni kollektivə uyğunlaşma mərhələsindədi. Bunlar futbolun yazılan qanunlarıdı. Düzdü, bizim futbolumuz dünyadakından xeyli fərqlidi. Çempionatımızda cəmi 8 komanda oynayır, onların da mütləq əksəriyyəti eyni ələ baxır və paytaxtda cəmləşib. Qarşılaşmalarda rəqabət, azarkeş dəstəyi və təzyiqi yetərli səviyyədə deyil. Bütün bunlar da əcnəbilər bizim çempionatımıza olan marağını öldürür, onların bura gələn yolunu bağlayır. Onlar üçün heç də hər şey pulla ölçülmür axı. Həmin pulu aşağı-yuxarı başqa yerdə də qazana bilərlər. Biz isə öz çempionatımızın səviyyəsini yüksəltmək, öz uşaqlarımızı normal yetişdirmək barədə düşünməliyik.


Ola bilsin ki, bütün bunların “Qarabağ”ın “Aşdod”la oyununa birbaşa dəxli yoxdu. Bəli, deyə bilərsiz ki, vaxtında kompelkləşmə, hücumçu tapmaq azarkeşin yox, klubun problemidi. Haqlısız. İndi iş ondadı ki, məsuliyyət sahibləri də bütün bu problemləri həll etməyin üzərində işləyirlər. Bu qədər problemə rəğmən “Qarabağ” yenə də Azərbaycanın ən yaxşı iki klubundan biridi, ardıcıl neçə ildi ki, Avropa səhnəsində normal çıxış edir, səviyyəsini qoruyur. Hələ indiki vəziyyətiylə belə “Aşdod”u qapısına sıxışdırıb, əsl “1 nömrə” kimi çıxış edirdi. Qaranın, Ozobiçin, Abbasın zərbələri və rəqibin qapıçısının bu topları çıxarakən necə bayram edildiyi gözümüzün önündədi. Yəhudilər evlərində belə oynamayacaq və müdafiədən çıxacaqlar. Ümidimiz də onadı. Səbrlə gözləmək, “Qarabağ”ın bir həftə sonu bizi qələbəylə sevindirəcəyinə inanmaq lazımdı. İnam olmasa, yaşamağa dəyməz ki...


Dünən axşam bizi tribunalara aparan da bu inam idi. Mən stadiona 11 yaşlı oğlumla getmişdim. Həmkarım Tural Xudiyev də övladı Kamillə tribunada idi. Tanıdığım bütün idman jurnalistləri “press-sektor”da öz postlarını tutmuşdular. Evə qayıdarkən çıxış qapısında hamımızın “əmi” dediyimiz Natiq Muxtarlıyla Sənan Nəcəfovu gördüm. Nəticə onları üzmüşdü, amma ümidlərini itirməmişdilər. Yolboyu xeyli tanış-bilişlə rastlaşdım. Sanki bu isti yay axşamında “Qarabağ”a dəstək üçün tribunanın yolunu tutanlar hamısı qohum-əqrabam idi. Satışa çıxarılan biletlərdən təxminən 8 mini satılmışdı, tribunalarda da 7 mindən bir qədər artıq azarkeş vardı. Amma daha çox olmalıydıq, “Qarabağ”a olan sevgimizi daha açıq və coşqulu göstərməliydik. Onlar da bu coşqudan güc almalı, məsuliyyətlərini anlamalıydılar.


Eybi yox, gələn dəfə, inşallah. Həm biz, həm də onlar üçün. Yola davam!