“İlk 15 dəqiqəni nəzərə almasaq, müdafiədə çox yaxşı oynadıq. Amma bəzi çətinliklərimiz oldu. İkinci hissədə isə oyunu biz idarə etdik və rəqibin çox fürsəti olmadı”. 


Rekord.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş”un (Macarıstan) futbolçusu Bençe Etvöş 2-ci mərhələnin “Ludoqorets”lə ötən gecə keçirilən cavab matçı haqqında danışarkən deyib.


"Ferensvaroş" ilk görüşdə heç-heçə (0:0) etdiyi Bolqarıstan təmsilçisini ikinci matçda 3 cavabsız qolla məğlub edərək pley-offa yüksəlib və “Qarabağ”a rəqib olub. Macarıstanlı yarımmüdafiəçi görüşdən sonra yerli “M4 Sport” televiziyasına açıqlamasında növbəti rəqibləri “Qarabağ” haqda da danışıb.


O, Azərbaycan təmsilçisinin güclü olmasını, buna baxmayaraq, daha da irəli getməyi hədəflədiklərini bildirib: “Məqsədimiz bu mərhələni də adlamaqdır. Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. “Qarabağ” güclü komandadır, amma məğlubedilməz deyil”.


Qeyd edək ki, "Qarabağ" "Fenersvaroş"la avqustun 19-da Budapeştdə, avqustun 27-də isə Bakıda qarşılaşacaq.