Prezident İlham Əliyevə açıq məktub!

 

Hörmətli Cənab Prezident!

 

Azərbaycanda idman və mətbuat sahəsində aparılan işlər gələcəyə, qarşıda bu sahələrdə böyük inkişafa ümidlə baxmağa imkan verir. Dövlət tərəfindən yeridilən siyasət ədalətin bərqərar olunması yolunda atılan addımları özündə ehtiva edir. Həm idman, həm də mətbuat daimi şəxsi diqqətiniz altında olduğundan, proseslərin müsbət gedişatını görmək çətin deyildir.

Ancaq sizə bu işlərdə yardımçı olacaq qurumlardan biri – Medianın İnkişafı Agentliyi aparılan siyasətə zidd addımlar atmaqdadır. Bütün medianın inkişafının təmin edilməsinə məsul olan bu təşkilat artıq iki ildən çoxdur elan etdiyi layihələrdə yalnız bəlli bir qruplara maliyyə ayırır, müxtəliflik və genişliyə imkanlar yaratmır. Bu məbləğlərə ehtiyacı olmayan KİV-lərin də yer aldığı siyahıda bütün karyeralarını bu işə sərf etmiş, ictimai statusu olan, söz və işlərinə etibar edilən jurnalistlərin çalışdığı saytlar kənarda saxlanılır. Bunlardan biri də “Rekord.az” idman-xəbər saytıdır.

13 ildir fəaliyyətdə olan “Rekord.az” Azərbaycanın idman saytları arasında tanınan, özünü sübut etmiş idman-xəbər saytıdır. Uzun illər ərzində burada təcrübəli jurnalistlər çalışıb, indi də çalışmaqda davam edirlər. Onların arasında sizin tərəfinizdən “Tərəqqi” medalı ilə mükafatlandırılmış, həmçinin müxtəlif qurum və təşkilatlar tərəfindən ən yaxşılar sırasında qeyd və təltif olunmuş media nümayəndələri var. Sayt yalnız futbol deyil, bütün idman növlərinin işıqlandırılmasına diqqət ayırır, kiçik heyətlə ölkənin bütün regionlarında baş verən idman hadisə və tədbirlərini maksimum şəkildə əhatə edir (məsələn, bu il “İdman həftəsi” vı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, ümumilikdə 40-dan çox rayon və şəhərimizdə keçirilən və 14 idman növünü əhatə edən 200-dən çox idman tədbirinin işıqlandırılması), Azərbaycanda və ölkə xaricində təşkil olunan böyük idman yarışlarında akkreditə edilir, reportaj, təhlil, yazı və xəbərlər yayaraq milli idman siyasətimizin təbliğatı, populyarlaşdırılmasında öz rolunu oynayır. 2018-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən yaxşı idman saytı seçilməyimizi də bu deyilənlərin təsdiqi kimi qəbul etmək olar.

Lakin əməyimiz lazımınca qiymətləndirilmir. Hər dəfə müraciət etməyimizə baxmayaraq, iki ildən çoxdur saytımız qeyd olunan bütün layihələrdən kənarda saxlanılıb, müxtəlif bəhanələrlə maliyyə yardımının edilməsindən imtina edilib, ədalət prinsipi pozulub. Medianın İnkişafı Agentliyinin fəaliyyətindəki qüsurlar peşəkar jurnalistikanın tərəqqisindəki maneədir.

“Rekord.az” idman-xəbər saytı olaraq Sizə açıq məktubla müraciət edir, bu məsələni diqqət mərkəzinizə gətirməyinizi, bizə qarşı aparılan qərəzli siyasətin dayandırılması və fəaliyyətimizin layiqli dəyərləndirilməsi üçün şərait yaradılması, müvafiq addımların atılması üçün tapşırıq verməyinizi xahiş edirik.

 

Kənan Məstəliyev,

“Rekord.az” idman-xəbər saytının baş redaktoru