"İmişli"nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 24-cü turu çərçivəsində Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.


Rekord.az xəbər verir ki, o, 0:5 hesabı ilə uduzduqları matçdan sonra bunları söyləyib:


“Oyun barədə deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqeranın ilk dəqiqələrdə zədələnməsi komandanın əhval-ruhiyyəsinə pis təsir etdi. Birinci qolu standart vəziyyətdən buraxdıq. Müdafiənin səhvinə görə qapımıza penalti təyin olundu. Bundan sonra toparlanmaq çətin idi. "Sabah" çempionatın lideridir. Bundan əvvəlki matçda "Qəbələ"yə böyük hesabla qalib gəlmişdilər. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Öz səhvlərimizin ucbatından çox qol buraxdıq. Rəqibi təbrik edirəm. Daha keyfiyyətli oyun göstərdilər. Biz isə qarşıdakı "Neftçi" ilə matçı düşünməliyik. Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq”.