"Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko "Zaqatala" komandası ilə keçirilmiş yoldaşlıq görüşündən sonra hələ bir çox nüansları öyrənməli olduqlarını düşünür.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.


Onun sözlərinə görə, bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq məqsədi daşıyıb:


"Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadıq".


Demçenko yaxşı qollar vurduqlarını bildirib:


"Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik. Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük".


Qeyd edək ki, bu gün baş tutan görüş Naxçıvan komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb.