“Nəticəmizin əla olacağına əvvəlcədən inanırdıq”
- 18:40
- 33
Azərbaycan təmsilçisi Qiyas Əhmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən "Prezident Kuboku 2026" beynəlxalq reqatasında nəticələrinin əla olacağına inanıb.
Rekord.az xəbər verir ki, idmançı bunu Mingəçevirdə jurnalistlərə açıqlamasında deyib.
Tengiz Qaqnidze ilə birlikdə ikinəfərlik kayak qayığında (2008-2009-cu il təvəllüdlü idmançılar) qızıl medal qazanan idmançı turnirdə yüksək nəticə göstərdiklərini bildirib:
"Çox şadam ki, bu yarışda ən yüksək nəticəni göstərdik. Bu, düzgün məşq prosesinin bəhrəsidir. Yarışa çox ciddi hazırlaşmışdıq. Əvvəlcədən inanırdıq ki, nəticəmiz əla olacaq. Baxmayaraq ki, müəyyən çətinliklər oldu. Gündüz saatlarında keçirilən yarış olduğu üçün müəyyən yorğunluq var idi".
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edib.