
Nehrəmdə maraqlı futbol matçı FOTOLAR
- 21 Fev 2023 19:00
- 951
Babək rayonu Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbinin sahibkar Sahib Əliyevin təşəbbüsü və dəstəyi ilə yenidən qurulmuş meydançasında ilk futbol oyunu keçirilib.
Rekord.az xəbər verir ki, qəsəbəni təmsil edən “Nehrəm” və “Hakim” İdman Klubu arasında reallaşan yoldaşlıq görüşü şəhidlərimizin xatirəsinə həsr olunub.
Oyuna start verilməzdən öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimiz bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər şanlı qələbə ilə bitən 44 günlük müharibədə ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən muxtar respublikadan olan hərbçilərin də böyük şücaət göstərdiyini, onların qəhrəmanlıq yolunun gənc nəsilə örnək olduğu dilə gətirib, Vətən uğrunda canını fəda edən Nehrəm şəhidlərinin xidmətləri barədə danışıblar. Nazirliyin şöbə müdiri Taleh İbrahimov dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə gənc nəslin sağlam həyat tərzinə cəlbi və bölgə idmanının inkişafı üçün atılan addımların intensiv xarakter aldığını ifadə edib, qanun çərçivəsində sahibkarlarıq subyektlərinin bu sahədə sponsor və ya xeyriyyəçi kimi fəaliyyətinə stimul yaradıldığını diqqətə çatdırıb.
Çıxışların ardınca yoldaşlıq görüşünə start verilib. Təqribən 200-ə yaxın idmansevər oyunu birbaşa meydança civarından izləyib. Tərəflərin gərgin mübarizəsi fonunda izləyicilər maraqlı oyuna şahidlik ediblər. Nəticə etibarı ilə “Nehrəm” komandası rəqibini 3:1 hesabı ilə üstələyərək matçın qalibi olub.
Sonda komanda üzvləri simvolik olaraq kubok və medallarla mükafatlandırılıblar.