"Neftçi"ni idarə edən müasir Ağabalalar
- 15 İyn 2022 11:00
- 754
Konfrans Liqası 15-20 gündən sonra start götürür. "Neftçi"də isə nə baş məşqçi var, nə də hansısa ciddi transfer. Ölkənin ən köklü klubu 2-3 nəfərin əlində girinc qalıb. Həmin o 2-3 nəfərin hərəsinin bir namizədi var və hər biri də öz namizədini baş məşqçi postuna dürtüşdürmək istəyir. Ki, büdcədən ayrılacaq yağı tikə öz cibinə getsin. Hazırda bu yöndə amansız mübarizə gedir. Yekunlaşdırıb "qalib"i müəyyən edə bilmirlər ki, Müşahidə Şurasının müşahidəçi üzvləri də yığışıb çiyələkdən yesin, çaydan içsin axırda da qabaqlarındakı hazır kağıza imza atıb dağılışsın. Kişiləri öncə iyunun 8-də bir araya yığdılar ki, Samir Abasovun istefasını açıqlayıb yeni baş məşqçi ilə bağlı da anons versinlər. Lakin elə alındı ki, anons baş tutmadı və bildirdilər ki, 14-də birbaşa baş məşqçinin adı açıqlanacaq. Ayın 14-ü də geridə qoyduq. Nəinki baş məşqçinin adı açıqlandı, toplantının niyə baş tutmaması, baş məşqçi ilə bağlı məsələnin nə yerdə olması ilə bağlı da açıqlama verilmədi. Az qala hər gün bir məşqçinin adı hallanır. Yuxarıda da qeyd etdiyim kimi, 2-3 nəfər "ticarətçi" öz "mal"ını kluba sırımaq istəyir. Hələ ki, qırğın mübarizə gedir. İtirən, geri düşən isə yalnız klub və gələcək uğursuzluqların üzüntüsünü yaşayacaq azarkeşlərdi. Peşəkar klublar heç vaxt turnirin startına 15-20 gün qalmışa kimi baş məşqçi məsələsini açıq saxlamır. Hələ biz oyunçu transferindən danışmırıq. Avropada bu tip məsələlər 6 ay öncədən həll olunur. Bizdə isə, göründüyü kimi, vaxt daralır, zaman axır gedir, amma ortada nə fal var, nə də yumurta. Əslində "Neftçi" AFFA-nın əsarətinə keçəndən andan bu cür gedişatın olacağı gözlənilən idi. Gözlənilənlər bir-bir özünü doğurultdu. Düzdür, bu proseslərdə AFFA tək deyil. SOCAR-da maraqlı olan bəzi şəxslər də "Neftçi"yə barmaq edir, müəyyən mənada təsir gücünü ortaya qoymağa çalışır. Bir sözlə, klub dönüb olub şəxsi maraqlara xidmət edən obyekt. "Neftçi"dəki hazırkı durumu görəndı yadıma məşhur "Bəxtiyar" filmi düşür. Xatırlayırsınızsa, həmin filmdə klub müdiri Ağabala var idi. neft daşlarında işləyən Bəxtiyarın gözəl səsindən istifadə edib ondan qazanmağa, qaz vurub qazan doldurmağa başladı. Bəxtiyarın müxtəlif səfərlərini, konsertlərini təşkil edir, həmin konsfertlərdən xeyli mənfəət götürürdür. Olan isə Bəxtiyara, onun səsinə olurdu. İndi döbvrümüzün də Ağabalaları "Neftçi"nin adından, imicindən istfadə edib şəxsi mənafeylərini güdürlər. Olan isə "Neftçi"yə, onun adına, tarixinə, "Neftçi"sevərlərə olur...
Anar XANLAROV