“Neftçi”dən yeni antirekord və ilk, ən məhsuldar oyun
- 07 Okt 2024 13:42
- 120
9-cu turun “Kəpəz” – “Neftçi” matçı Misli Premyer Liqasında mövsümün ən məhsuldar oyunu olub.
Rekord.az xəbər verir ki, meydan sahiblərinin 4:3 hesabı ilə qalib gəldikləri görüşdə ümumilikdə 7 qol vurulub.
Bunadək ən məhsuldar matçda 6 top qeydə alınıb. VII turun “Səbail” – “Sabah” görüşündə qonaqlar qalib gəliblər – 4:2.
Bununla da “Neftçi” çempionatdakı qələbəsizlik seriyasını 10-a çatdırıb. Ötən mövsümün son turunda “Sabah”a 0:1 hesabı ilə uduzan “ağ-qaralar” cari çempionatın 9 görüşündə 5 heç-heçə edib və 4 dəfə məğlub olub.
Mayın 18-də “Səbail” üzərində 3:0 hesablı qələbədən sonrakı ardıcıl 10 qalibiyyətsizlik “Neftçi”nin tarixində yeni antirekorddur. Bakı klubu 2015-ci ildəki 9 matçlıq seriyanı “arxada qoyub”. 2014/15 və 2015/16 mövsümlərini əhatə edən həmin seriya müddətində 5 heç-heçə və 4 məğlubiyyət yaşanıb.
“Neftçi” həm də tarixində ilk dəfə 3 və daha çox qol vurduğu görüşdə uduzub. Ölkə çempionatları tarixində isə 28-ci belə hadisə yaşanıb.