Naxçıvan muxtar respublikasındakı ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini əhatə edən hərbi-idman oyunu mərhələli şəkildə “N” hərbi hissənin idman şəhərciyində təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətndən Rekord.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordusu tərəfindən birgə təşkil olunan yarışda 48 tələbə iştirak edib.

Hərbi-idman oyunu darağa patron doldurulması, avtomatın sökülməsi və yığılması, tüfəngdən hədəfə atəş açılması, fiziki hazırlıq (400 metr məsafəyə qaçış, turnikdə dartınma, qum kisəsi ilə 50 metr məsafəyə qaçış), maneələrin dəf olunması, intellektual müsabiqə mərhələlərindən ibarət olub. Hakimlər heyəti tərəfindən hər bir komandanın mərhələlər üzrə topladığı xallar cəmlənərək yekun nəticə çıxarılıb.

Naxçıvan Dövlət Universitetinin komandası 130 xalla oyunun qalibi olub. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri 111 xalla ikinci yerə sahib çıxıb. Naxçıvan Müəllimlər İnstitutunun komandası isə yarışı üçüncü yerdə tamamlayıb.

Komandalar və üzvləri təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlarla təltif olunublar.

"Vətən naminə" hərbi-idman oyununun məqsədi gənclərin vətənpərvər ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin aşılanması, həmçinin yeniyetmə və gənclərin ordu sıralarına hazırlanmasından ibarətdir.