
Musayevlə Berezutski məzlum rolunda
- 09:07
- 139
Bizim futbol ictimaiyyətində bir xasiyyət var. Bilmirəm, yaxşıdır, yoxsa pis. Çalışırlar ki, kiminsə əzilmiş, yazıq bir obrazını düzəltsinlər, sonra başlasınlar onun “müdafiə komitəsi”ni yaratmağa, yerli-yersiz təbliğat aparmağa. Hay salırlar ki, ay haray, qoymayın, filankəsin haqqını yedilər, işləməsinə imkan vermədilər. Özü də yerlilər qalır bir tərəfdə, başlayırıq əcnəbilərin təəssübünü çəkməyə. Sanki gəlmələrdən çəkdiyimiz az imiş...
“Sabah”dan uğursuzluqlara görə ayrılan Murad Musayev “Krasnodar”ın baş məşqçisi kimi Rusiya çempionu oldu. Lap əla. Təbrikləri, alqışları haqq etdiyi şübhəsizdir. Son illərdə UEFA və FİFA-nın qadağaları səbəbindən Rusiya futbolunun dünyadan təcrid edilməsini hamımız bilirik. Bu səbəbdən də Rusiya Premyer Liqasının marka dəyəri, rəqabətin səviyyəsi xeyli düşüb. Çünki çempionatın mükafatçıları avrokuboklara buraxılmır. Bu isə yetərincə ciddi məbləğdə maddi və mənəvi itki deməkdir. Bununla belə “Krasnodar”ın fürsəti dəyərləndirməsi, ənənəvi iddialıları qabaqlaması əla göstəricidir. Bizim üçün də sevindiricidir ki, uğurun altında bizə tanış mütəxəssisin imzası var.
Murad Musayev “Sabah”da da yetərincə yaxşı işlər gördü, amma ki, çempion ola bilmədi. Üstəlik də, rəhbərliklə arasında soyuqluq yarandığından çox müəmmalı bir şəkildə “qara zolağa” düşdü. Klubla Klubla baş məşqçi arasında yaranan anlaşılmazlıq sonda yolların ayrılmasına səbəb oldu. Yəni ki, Azərbaycanda nə AFFA, nə hakimlər, nə də ki, “Qarabağ” Musayevin “Sabah”dan ayrılmasında günahkar deyil. Amma bir qrup adam iddia edir ki, Musayevin yolunu kənar qüvvələr kəsiblər. Ay sizi, məzəniz olsun. Adam özü deyir ki, “Krasnodar”ı çalışdırmağı, oğlumu hər gün məşqdən evə aparmağı, sonra da parkda ailəmlə gəzməyi arzulayırdım. Allah hamını arzularına çatdırsın, necə ki, Murad bəyi çatdırıb.
Bir qrup adam Musayevlə işi yekunlaşdırıb-yekunlaşdırmamış keçiblər Vasili Berezutskiyə. Hətta dəyərli həmkarlarım arasında onun böyütməyə, şəninə tərif söyləməyə çalışanlar var. Bəli, “Sabah” onun rəhbərliyi altında ölkə kubokunu qazandı, şəxsi görüşlərdə iddialılara uduzmadı. Lakin unutmayaq ki, dünya təcrübəsində hətta aşağı liqa təmsilçilərinin ölkə kubokunu qazanması halları var. Belə uğura imza atan məşqçilərin heç birinə heykəl qoymayıblar. O ki qaldı uduzmamağa... Tsxadadzenin sözü olmasın, “Sabah” uduzmadığı kimi, heç udmağı da bacarmayıb, ayağını sürüyə-sürüyə heç-heçələri sıralayıb. Elə komandanın “Turan Tovuz”dan 7 xal geri qalaraq, 5-ci olması da ilahi ədalətdir. Qeyd edim ki, Elmar Baxşıyevin çalışdırdığı “Araz Naxçıvan”la xal fərqi 10-a, Rəşad Sadıqovlu “Zirə”ylə fərq isə az qalsın 30-a bərabərdir. O zaman bu cür əcnəbi çalışdırıcını şişirtməyə dəyərmi?
Rusların bizim futbola necə yuxarıdan aşağı baxdığını illərlə görmüşük. İndi əlimizə fürsət düşüb, lap elə biz onlara və onların mütəxəssislərinə yuxarıdan aşağı baxaq. Heç kimdən məzlum düzəltməyə ehtiyac yoxdur.
Yazar haqqında
