Hazırda Türkiyə çempionatında lider olan ''Adana Dəmirspor''un baş məşqçisi Vinçentso Montella vətəni İtaliya mətbuatına açıqlamalar verib.

Rekord.az xəbər verir ki, 48 yaşlı mütəxəssis ''Qazetta dello Sport''a müsahibəsində Türkiyə çempionatının səviyyəsindən, artıq klubdan ayrılan Mario Balotellidən və başqa məqamlardan danışıb:

''İndiyə qədər gördüyümüz işdən məmnunam. Nəticələrimiz məni ruhlandırır və motivasiyalandırır. Çünki daha da inkişaf edə bilərik. Hər ölkənin futbolunda müəyyən özəlliklər və ənənələr var. Bunu unutmamalıyıq. Bizdən həm səviyyə, həm də büdcə baxımından daha üstün klublar var. Həftəsonu qarşılaşacağımız ''Qalatasaray'' onlardan biridi. Amma belə rəqiblə başabaş oynaya bildiyimizi göstərmək istəyirik. Bu yay Türkiyədə çox önəmli transferlər baş tutdu. ''Qalatasaray'' Mertens və İkardi kimi futbolçuları heyətinə qatdı. Kimsə Türkiyə çempionatının asan olduğunu düşünürsə, yanılır. Bura heç kim tətilə və dincəlməyə gəlmir. Superliqa zarafatı sevmir! Yeni stadionlar və coşqulu fanatlar var. Bir klub məğlub olan kimi fanatlar arasında narazılıqlar başlayır. ''İstanbul BŞ''nin ''Fiorentina''nı 3:0 hesabı ilə darmadağın etməsi təsadüfi deyil və çox şeydən xəbər verir. Balotellinin ayrılmasını normal qarşılamaq lazımdı. Futbolun içində belə şeylər olur. Mario ötən mövsüm performansı və qolları ilə komandaya çox fayda verdi. Hətta yığmaya çağrılması da gündəmə gəldi. Münasibətlərimiz qaydasındadı. Sadəcə, evinə daha yaxın olan bir yerdə oynamaq istədi. ''Syon''un təklifi həm onu, həm də klubumuzu qane edincə, bu transfer baş tutdu. Normal şəkildə vidalaşdıq. Ona uğurlar arzulayıram. İtaliya klublarına gəlincə, ''Yuventus''la ''İnter''in mövsümün əvvəlində bu cür ciddi problemlərlə üzləşəcəyini gözləmirdim. Amma toparlanmaları üçün hələ çox zaman var. Həm də mövsümün ortasında mundial olacağından bizi hələ çox sürprizin gözləyəcəyini düşünürəm. ''Milan'' ötənilki səviyyəsini qoruyur və çox yaxşı təsir bağışlayır. Amma ən çox ''Napoli''nin oyununu bəyənirəm. Spalletti həmişəki kimi mükəmməl işlər görür. ''Roma'' da baxımlı futbol sərgiləyir. Mourinyo komandada bizim dövrümüzdə 2001-dəki çempionluqda yaşanan bir coşqunu yaratmağa müvəffəq olub. Ona görə də ''Roma''dan hər şey gözləmək olar''.