Moldovanın paytaxtı Kişinyovda keçirilmiş 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında ağır atletik üzrə Avropa birinciliyində uğurlu çıxış edən yığma komandamız vətənə qayıdıb.

Rekord.az xəbər verir ki, 40-a yaxın ölkədən 356 atletin iştirak etdiyi yarışda atletlərimiz 14 medal – 8 qızıl, 4 gümüş və iki bürünc medal qazanmağı bacarıblar.

Komandamız hava limanında böyük coşqu ilə qarşılanıb. Onları qarşılamağa gələnlər arasında çoxsaylı ağır atletikasevər, digər milli komandalarımızın üzvləri, idmançıların valideynləri və digər yaxınları, mütəxəssislər, federasiya rəsmiləri olub. Avropa birinciliyinin qalib və mükafatçıları, həmçinin məşqçi heyətinə gül dəstələri və çələnglər təqdim olunub. Media nümayəndələri uğur qazanan idmançı və məşqçilərdən açıqlamalar alıb, yarış təəssüratlarını öyrəniblər.