Milli Olimpiya Komitəsinin üzvü vəfat etdi
- 2022-02-09 22:20
- 580
Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Rekord.az xəbər verir ki, tanınmış idman mütəxəssisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ramiz Yusif oğlu Yusifov fevralın 9-da ömrünün 85-ci ilində vəfat edib.
Ramiz Yusif oğlu Yusifov 1936-cı ildə mayın 15-də Ağdam rayonunda anadan olub.
O, 1936-cı ildə boks üzrə SSRİ mükafatçısı, 5 dəfə Azərbaycan çempionu, 1958-ci ildən SSRİ idman ustası, 1996-cı ildən boks üzrə beynəlxalq dərəcəli hakim, dəfələrlə Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə iştirak edib.
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti (1995-2009), həmin federasiyanın icraçı komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin üzvü idi.
Dövlətimizin başçısının 18 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdü.
Ramiz Yusifovun əziz xatirəsi onu tanıyanların və idman ictimaiyyətinin qəlbində daim yaşayacaq.
Azərbaycan Boks Federasiyasının kollektivi Ramiz Yusifovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!