Ukraynaya qarşı işğal həyata keçirən Rusiya bütün sahələrdə olduğu kimi, idmanda da böyük sanksiyalarla üzləşib. O cümlədən də futbolda. Lakin FİFA Rusiyada legioner həyatı yaşayan futbolçulara müqavilələri olduğu halda, sərbəst şəkildə başqa ölkə klublarına keçmək icazəsi verib.

Rekord.az xəbər verir ki, Rusiya mətbuatı bu qərardan sonra hazırda Moskva OMİK-ində çalışan qapıçılarla işləyən Dmitri Kramarenkonun Azərbaycana qayıtmaq fikrinin olub-olmadığını soruşub.

Azərbaycan  millisinin sabiq qapıçısı belə fikrinin olmadığını bildirib: "OMİK-lə müqaviləm var. Buna görə də harasa getməyıə hazırlaşmıram. Burada hər şey məni qane edir. Üstəlik, Azərbaycanda məni gözləyən də yoxdur (gülür). Özüm də heç vaxt işləyən hansısa məşqçinin yerinə getmərəm. Mənə etimad göstərən OMİK rəhbərliyinə də minnətdarlığımı bildirirəm".