
Klopp "Ayaks"la oyun öncəsi nəyə əsəbləşib?
- 13 Sen 2022 20:00
- 442
"Liverpul"un baş məşqçisi Yurgen Klopp ötən həftə Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Napoli"yə (İtaliya) böyük hesabla uduzduqları (1:4) matç haqqında danışıb.
Rekord.az xəbər verir ki, o, 2-ci turda "Ayaks"la (Niderland) bugünkü görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:
"Napoli" ilə oyunda heç nə yox idi. Bunun necə və niyə baş verdiyini anlamağımız lazımdır. Məncə, start "11-lik"dəki futbolçularımızın 8-inin səviyyəsi rəqibin oyunçularının səviyyəsindən daha aşağı idi. Digər 3 futbolçumuz da ən üst səviyyədə deyildi. Əslində normal nəticə aldıq".
Klopp konfransda jurnalistlərin birinin verdiyi suala əsəbiləşib. Müxbirin sualı belə olub: "Premyer Liqada "Vulverhempton" ilə matçınızın təxirə salınması komandanın oyun ritmini itirməsinə səbəb ola bilər?" Klopp isə suala qəzəblənərək bu cür cavab verib:
"Siz nə danışırsınız? Hansı ritmdən bəhs edirsiniz? Bizim ritmimiz yoxdur ki... Siz "Napoli" ilə oyunu izlədiyinizdən əminisiniz? Kaş ki, bu ritmimizi itirsəydik".
Qeyd edək ki, ötən həftə Premyer Liqanın 7-ci turunda keçirilməli olan "Liverpul" - "Vulverhempton" görüşü Böyük Britaniya kraliçası II Elizabetin ölümünə görə təxirə salınıb.
Xatırladaq ki, bu gün keçiriləcək "Liverpul" - "Ayaks" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.