AFFA dərsini almayıb. Səhv, qərəzli, həm də məqsədli qərarları ilə əsəbləri qurdalayan assosiasiya rəsmiləri şakərindən əl çəkməyib.

Rekord.az xəbər verir ki, “Sabah” – “Neftçi” oyununda baş verənlər təsadüf deyildi. Hakimlikdə sıralanan səhvlər, yığılıb qalan problemlər bir gün partlamalıydı. Nəticəsi göz önündədi. Canlı yayımlanan oyunda hakimin silsilə səhvlərindən sonra dava düşdü, klublar böyük maliyyə cəzası aldı, hakim diskvalifikasiya edildi, “Sabah”ın bir oyunçusu üçün mövsüm erkən bitdi, daha 4 futbolçusu qarşıdakı turu cəza üzündən burraxacaq.

AFFA-dakı məmur özbaşınalığından qaynaqlanan, səriştəsiz işin məntiqi nəticəsi olan bu olay kimlərəsə dərs olmayıb. Ölkə kubokunun cavab yarımfinal matçlarına edilən təyinatlar bunu göstərir.

AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlikin xüsusi sevgi bəslədiyi Elçin Məsiyevin “Zirə” – Keşlə” oyununa təyinat aldığını görüncə, kiçik araşdırma aparmağı lazım bildik. Çünki bu FIFA referisinin qonaqlara rəğbətini futbol təsərrüfatındakıların əksəriyyəti bilir, paytaxt klubu rəhbərliyinin xahişlə onu oyunlarına göndərtdiyi sirr deyil. 6-da baş hakim olmaqla, bakılıların 9 oyununa təyinat alan Elçin işinin öhdəsindən “məharətlə” gəlib.

Statistikaya baxaq və şübhələrimizi əsaslandıraq:

* “Keşlə” Premyer Liqada 24 oyun keçirib, bu matçların 1/4-də, yəni 6-da Elçin Məsiyev baş hakim olub.

* Çemponatda ümumilikdə 11 hakim oyun idarə edib, onlardan 3-nün (Kamal Umudlu, Rəhim Həsənov, Orxan Məmmədov ) yolu nədənsə, ümumiyyətlə, “Keşlə”ylə kəşişməyib.

* Əliyar Ağayev 4, Rauf Cabbarov, Rəvan Həmzəzadə, Rəşad Əhmədov hərəyə 3, Vüqar Həsənliylə Səbuhi Bayramov 2 , İnqilab Məmmədov cəmi 1 dəfə bakılıların matçını idarə etdiyi halda, Məsiyevin 6 dəfə bu şərəfə layiq bilinməsi maraq doğurur.

* Elçinin idarə etdiyi oyunlarda 2 qələbə qazanan “Keşlə” 3 heç-heçə edib, 1 dəfə uduzub. “Keşlə”nin 9 məğlubiyyətindən yalnız 1-nin Məsiyevin oyununa təsadüf etməsi çox maraqlıdı. Komanda indiyədək 4 qələbə qazanıb və onun da tən yarısını bu hakim qeydə alıb.

* Mövsümdə 23 xal qazanan paytaxt təmsilçisi bu xalların 9-nu, yəni 39 faizini Məsiyevin sayəsində əldə edib. Daha 2 xal Elçin 4-cü hakim olarkən reallaşıb – bunu da hesablaşasaq, Elçinin “Keşlə”nin qazandıqlarının tən yarısına şahid olduğunu görərik.

* Həmkarlarına təsir etmək imkanlarının mümkünləşdiyi, 4-cü hakim olduğu 3 oyunu da nəzərə alsaq, Məsiyev “Keşlə”nin 9 çempionat matçına təyinat alıb. Bu isə 38 faiz deməkdi. 11 hakimin təyinat aldığı Premyer Liqada bir nəfərin 1/3 paya sahib olması çox maraqlı, çox şübhəlidi.

* 1, 9 və 13-cü turlarda “Keşlə”nin matçlarında fit çalan Elçinin 16-cı turdan sonra 2-3 oyundan bir bu komandanın yanında görünməsi də maraqlı faktdı. Fevralın 20-dən bu yana ötən 2 ay ərzində Məsiyev 6 dəfə bir komanda üçün təyinat alıb.

* Elçin fevralın 7-də, ölkə kubokunun ¼ final mərhələsində, “Kəpəz” üzərində 2:0 hesablı qələbə qazanılan səfər matçında da iş başında olub. Bu gün “Zirə”ylə matçın ona həvalə edildiyini nəzərə alsaq, son 81 gündə 7-ci dəfə Zaur Axundovun komandasını qorumağa çalışacaq. Bu, 11-12 gündən bir “Keşlə”nin matçında olmaq deməkdi.

* Məsiyev bu mövsüm “Keşlə”ylə “Zirə”nin bir çempionat matçında baş hakim olub, “qartallar”ı yanlış qırmızı vərəqəylə azlıqda qoyub. Xatırlayrısızsa, Anatole Abanq yalandan yerə yıxılmış, Dimitrios Çantakiasın qovulmasına səbəbkar olmuşdu. Amma həmin matçda “Zirə” 10 nəfərlə qalmasına rəğmən, bərabərlik qolunu vurub, məğlubiyyətdən qaça bilmişdi. Bu komandaların daha 2 matçında Məsiyev 4-cü hakim olub.

* Kimsə bu hakimin FIFA referisi olduğunu və daha çox matça təyinat almasının təbii qarşılanması gərəkdiyini deyə bilər. O zaman xatırladaq: Məsiyev bu mövsüm Premyer Liqada ümumilikdə 15 matçda baş hakim olub, onun 2/5-də, yəni 40 faizində “Keşlə”nin oyunçularını görüb.

Sizcə, yuxarıda sadalanan faktlar təsadüfdümü? Yəni, statistika Məsiyevin “Keşlə”nin oyunlarına tapşırıqla göndərildiyini deməyə əsas vermirmi?

AFFA rəhbərliyinin bu yazını oxuyub nəticə çıxaracağına, təyinatları bölüşdürən Frits Stuxlikə tərcümə edilmiş variantını çatdıracağına ümid edirik. (futbolinfo.az)