"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova millisinə dəvət alıb.


Rekord.az xəbər verir ki, bununla bağlı Gəncə klubuna Moldova Futbol Federasiyasından rəsmi məktub daxil olub.


28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının VI turunda "Sumqayıt"la keçiriləcək oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.


O, UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldova adıçəkilən yarışın K qrupunda Slovakiya, Farer adaları və Qazaxıstan kollektivlərinə qarşı mübarizə aparacaq.


Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.