AFFA İcraiyyə Komitəsi son toplantısında "Kəpəz" və "Turan Tovuz" məsələsini gündəliyə salmadı. Düşünürəm ki, bu məsələni də gündəliyə salıb, müzakirə edib müsbət qərar vermək olardı. Amma bunu təxirə salıb növbəti toplantıya saxladılar.

 

Açığı, bir məsələ məni çox narahat edir və çox istəyirəm ki, həmin gümanımda yanılım. 3 komandanı I Diviziona buraxılar. Amma mən qorxuram ki, məhz bu qərar "Kəpəz"lə "Turan Tovuz"un Premyer Liqaya yolunu bağlaya. Necə?

 

Gündəmdə olan digər bir məsələ də əvəzedicilərin I Diviziondan ayrılıb yenidən öz liqalarına qaytarılmasıdır. Məşqçilər Komitəsi də belə təkliflə AFFA rəhbərliyinə müraciət edib və reallaşmaq ehtimalı heç də az deyil. Məni də qorxudan budur ki, "Araz Naxçıvan", "İmişli" və "Mingəçevir"in tezbazar I Diviziona buraxılması da buna hesablansın. Çünki əvəzedicilər I Divizondan ayrılıb öz liqalarına qaytarılsa, o zaman I Divizionda cəmi 5 komanda qalacaq - "Qaradağ Lökbatan", MOİK, "Zaqatala", "Kəpəz", "Turan Tovuz". "Kəpəz"lə, "Turan Tovuz"u da Premyer Liqaya çıxarsalar yerdə cəmi 3 komanda gəlir. 3 yeni komandanı da bura əlavə etsək, olur 6 komanda. Belə çıxır ki, əvəzedicilər öz çempionatına qayıtsa, "Kəpəz"lə "Turan Tovuz" da elitaya getsə, növbəri mövsüm I Divizionda 6 komanda olacaq? 6 komanda ilə çempionat olar? Təbii ki, real deyil. Bu mənada düşünürəm ki, əvəzedicilər öz liqalarına qayıtsa, AFFA "Araz Naxçıvan", "Mingəçevir" və "İmişli"ni də I Diviziona qatıb burada da 8 komandalı çempionat haqda düşünə bilər. Bu ehtimal məni çox narahat edir, çox ümid edirəm ki, baş verməyəcək.

 

Anar XANLAROV