Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarsıtan çempionatının pley-offunda mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, blokçumuzun formasını geyindiyi "Vasas" 1/4 final mərhələsində "DVTK ONGROPACK" klubu ilə qarşılaşıb. 

Cütün ilk görüşü voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. Çempionatın ilkin mərhələsini maksimum nəticə ilə vahid lider kimi başa vuran "Vasas" 1/4 finalın ilk görüşündə də çətinlik çəkmədən quru hesablı qələbə qazanıb - 3:0 (25:15, 25:19, 25:12).

Komandasının pley-offa üstün başladığı matçda yığmamızın ve "Vasas"ın kapitanı 10 xal qazanıb. Abduləzimova rəqibi 7 dəfə hücumda, 2 dəfə eyslə, 1 dəfə isə blokda məyus edib. Ayşən hücumda 70 faizlik nəticə ilə bu göstərici üzrə qarşılaşmanın ən yaxşı oyunçusu olub.