Azərbaycanlı futbolçu Kamal Mirzəyev Küveytin "Əl-Salmiyə" klubunda növbəti oyununu keçirib. 

Rekord.az xəbər verir ki, sözügedən komanda “Prince Cup”ın 1/8 final mərhələsi çərçivəsində səfərdə “Əl-Fahahel" ilə qarşılaşıb.

Oyunda hesabı meydan sahibləri açıblar. Amma “Əl-Salmiyə” məhz Kamalın vurduğu qol sayəsində hesabı bərabərləşdirməyə nail olub. İkinci hissədə meydana buraxılan azərbaycanlı futbolçu 75-ci dəqiqədə korner zamanı dəqiq baş zərbəsiylə rəqib qapısına yol tapıb.

Matçın əsas vaxtı heç-heçə bitib - 1:1. Əlavə vaxtda isə hesab dəyişməyib. Penaltilər seriyasında isə "Əl-Salmiyə" məğlub olub və mübarizəni dayandırıb – 4:5. 

Qeyd edək ki, Kamal bu yay “Qəbələ"dən "Əl-Salmiyə"yə keçib. Bu, 25 yaşlı yarımmüdafiəçinin Küveytdə ikinci qoludu.