“İmişli” 1-ci divizionda 4 turdan sonra komanda xala həsrətdi və turnir cədvəlinin dibindədi.

Rekord.az xəbər verir ki, komanda qapısından 14 top buraxıb, cəmi 2 qol vurub. Son turda isə "Mingəçevir"ə 0:6 hesabıyla uduzub.

"Football-plus.az" saytı komandanın enişdə olmasının səbəbini öyrənmək üçün baş məşqçi Ruhid Usubovla əlaqə saxlayıb:
 

"İstədiyimiz kimi təlim-məşq toplanışı keçə bilmədik. Ev oyunlarımızı da doğna meydanda keçirə bilmirik. Hazırda heyətimizə yeni oyunçular cəlb edirik deyə, komanda tam komplektləşməyib. Heyətlə bağlı ən böyük problemimiz qapı xəttindədi. Sərəncamımda təcrübəli qapıçı yoxdu. Qolkiper isə komandanın yarısıdı. İmişlidə uzun müddət futbolun olmaması yerli qapıçı kasadlığı ilə nəticələnib. Ümumiyyətlə, hazırda ölkə futbolunda qapıçı qıtlığı var. Seleksiya işlərimiz davam edir. Region Liqası və 1-ci divizion klublarının baş məşqçilərinə müraciət, xahiş edirik ki, daim ehtiyatda qalan “əlcək sahibi”niz varsa, şərait yaradın, gəlib bizdə oynasınlar. Əslində, sərəncamımda 3 qapıçı var. Rafiq Kərimov çimərlik futbolundan gəlib. Rafiq Həsənov 2004 təvəllüdlüdü, təcrübəsi yoxdu. Son matçda meydana buraxdım ki, təcrübə toplasın. Orxan Məcnunov da ümidləri doğrultmur. Təcrübəli qolkipersiz də çıxış etmək çox çətindi. Axtarışlarımız davam edir, ümidimizi itirmirik. Transferlər edə bilməsək, dekabra kimi hazırkı heyətlə döyüşməyə məcburuq".