Xəbər verdiyimiz kimi, Azərbaycan Kubokunda 2022/2023 mövsümünün iştirakçı komandaları müəyyənləşib. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 10 komandası - "Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ", "Turan Tovuz", "Zirə", "Səbail", "Kəpəz", "Sumqayıt", "Şamaxı" ilə yanaşı, I Divizion təmsilçiləri “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, aşağı dəstənin digər iki klubu - "Zaqatala" və "İmişli" isə ölkə kubokunda iştirakdan imtina edib.

Buna səbəb isə hər iki komandanın stadionla bağlı problem yaşamasıdır. Belə ki, "Zaqatala" Zaqatala Olimpiya İdman Kompleksinin meydançasında icarə əsasında oynayır. Həmin vəsaiti AFFA ödəyirdi. Lakin son vaxtlar federsiya həmin vəsaiti kəsib. Bu isə o deməkdir ki, kompleks rəhbərliyi hər an komandanı burdan çıxarda bilər. "İmişli"nin isə, ümumiyyətlə stadionu yoxdur. Daha doğrusu, İmişli stadionu yararlı durumda olmadığı üçün komanda ev oyunlarını Saatlıda keçirir.