Həm futbolçu, həm də məşqçi olan xanımın ən böyük hədəfi - MÜSAHİBƏ + FOTOLAR
- 13:00
- 28
Xanımlardan ibarət "Liman" klubunun futbolçusu, həm də məşqçi kimi çalışan Fidan Abışova Rekord.az-a müsahibə verib:
- Sizdə futbola həvəs, maraq necə yarandı, necə oldu ki, futbolçu olmağa qərar verdiniz?
- Futbola maraq qardaşımdan yarandı. 95 nömrəli məktəbdə futbola gedirdi. Mən də onunla gedib kənarda topla oynayırdım. Məşqçi bunu görüb məni də məşqlərə cəlb etdi. Zaman keçdikcə futbol mənim üçün sadəcə həvəs yox, həyatımın bir parçası oldu.
- Bəs məşqçilik istəyi, həvəsi necə baş qaldırdı?
- Məşqçilik həvəsi məndə özümü dərk edəndən var. Həmişə istəmişəm ki, gələcəkdə yaxşı futbolçular yetişdirim. Həm də istəmişəm ki, vaxtı ilə məni bəyənməyən məşqçilər nə vaxtsa "bu uşaq Fidan hocanın yetirməsidir" sözünü eşitsinlər.
- Hazırda həm də futbolçu kimi "Liman"da çıxış edirsiniz. Eyni anda həm futbol oynamaq, həm də məşqçilik etmək çətin deyil?
- Təbii ki, çətindir, ikisini də çatdırmaq çətindir. Amma insan əgər bir şeyi istəyirsə, onu edəcək.
- Paylaşdığınız videolardan da görürük ki, sırf uşaqlarla işləyirsiniz. Uşaqlarla işləmək nə dərəcədə çətindir və gələcəkdə özünüzü böyük futbolda da sınamaq istərdiniz?
- Hazırda uşaqlarla işləyirəm, çünki uşaqlar ağ vərəqdi. Təməli nə qədər düzgün qoysaq, o cür də gedəcək. Hazır böyük futbolçunun məşqçisi çox olur. Amma kiçik futbolçunun ilk məşqçisi olmaq tamam başqadır. İnşAllah gələcəkdə özümü böyük futbolda da görmək istərdim və görəcəm də.
- Oğlan uşaqları ilə işləyirsiniz. Qızlarla özünüz işləmək istəmirsiniz, yoxsa burda başqa səbəb var?
- Xeyr, heç bir səbəbi yoxdur. MaşAllah qızlarımız da var. Sadəcə, bu il çempionata qızlardan ibarət komanda buraxmadığımız üçün həmin komandanı başqa məşqçiyə vermişəm. Bir il həm orda məşq edəcəklər, həm də məndə. Gələn mövsüm amma istəyirəm ki, özüm də qızlar liqasına komanda buraxım.
- Azərbaycanda qadın futbolunun perspektivini necə görürsünüz?
- Əvvəlki dövrlə müqayisədə qadın futbolunda günü gündə inkişaf var. Həm maraq, həm də təcrübə artır. İnşAllah davamlı olar.
- Futbolçu və məşqçi kimi ən böyük hədəfiniz?
- Tək futbolda yox, həyatda da hədəfim daim zirvədə olmaqdı. Futbolda da təbii ki, əsas hədəfim məşqçi kimi zirvələrdə olmaq.
Anar XANLAROV