Hacıqabul rayonununda yerləşən "Qədir-Xum ailəvi istirahət mərkəzinin "Qarabağ" zalında "Heydər Əliyev İli"nə həsr olunmuş gənclər arasında "Heydər Əliyev Kuboku" intellektual turnirin final mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, ümumilikdə intellektual turnirdə finala qədər 24 komanda və 120 nəfər gənc iştirak edib.

Final mərhələsi Nə? Harada? Nə zaman? formatında olmaqla, 6 komanın iştirakı ilə keçirilib.

İntellektual turnirin keçirilməsində əsas məqsəd Ulu öndər Heydər Əliyevin ideyalarının gənclər arasında təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkili və Hacıqabulda intellektual hərəkatın inkişafı istiqamətində fəaliyyətlərin intensivliyinin artırılmasıdır.

Gərgin və sağlam rəqabət şəraitində keçən final mərhələsinin qalibi Hacıqabul Rayon Vidadi Quliyev adına 6 saylı tam orta məktəbin komandası olub. 2-ci yeri  Hacıqabul rayon Abdulabad kənd N. Rüstəmov adına tam orta məktəbin komandası və 3-cü yeri isə Hacıqabul şəhər 8 nömrəli humanitar fənlər təmayüllü məktəb - liseyin komandası qazanmışdır. 

Qeyd edək ki, turnirin final mərhələsi Hacıqabul rayon İcra Hakimiyyətinin dəstəyi, Hacıqabul Rayon Gənclər və İdman İdarəsi , Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyi və Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.