Zarafat-zarafat, amma Elxan Məmmədovun cismən Bakıda, AFFA-nın binasında olmaması futbolumuza müsbət mənada təsirini göstərməkdədir. Düzdür, tam demək olmaz ki, təsir gücü yoxdur, əlini tam çəkib, amma onun yoxluğunun müsbət tərəfləri görünür. Vaxtı ilə tənqid edəndə bəzi dostlar deyirdi ki, Elxan neyləsin e Elxan icraçıdı, nə deyilir onu da edir. Həmin dostların xətri üçün məsələni siyasi tərəfə çevirsək, hardasa onları başa düşmək olardı. Deyək ki. yuxarıdan tapşırıq gəlib ki, bölgə komandaları olmasın, stadionlar boş olsun, kütlə yığılmasın və s. Deyək ki, Elxana bunu tapşırıblar o da bunu edirdi. Amma yuxarıdan heç kim heç vaxt deməzdi axı ay Elxan, get, qıraqda Azərbayacana bağlı olmayan "futbolçuları" yığ gətir, doldur milliyə, elə hava limanında hamısına pasport payla, o cür futbolçular üçün milyonlar xərclə. Yaxud, yuxarıdan heç kim demirdi ki, ay Elxan, get, Tovuzun stadionunu süni elə, Şamaxıda, Zaqatalada, Ağsuda, Bayılda, Xırdalanda süni örtüklü stadionlar tik. Yuxarı demirdi ki, sən ayda-ildə qazanılan hansısa qələbəyə, heç-heçəyə görə futbolçulara fantastik mükafatlar ver. Yuxarı demirdi ki, sən futboldan uzaq olan marketinqçi qaqulik dost-tanışlarını yığ başına, hərəsini bir departamentə sədr qoy,pul qazandır. Bütün bu işlərin ki, hamısını Elxan özü görürdü. "Yuxarı" bölgə futbolunun əlehinə idisə bu gün Tovuzda, Gəncədə, Şamaxıda niyə komandalar, dolu tribunalar var? Qısası, hamısı boş söhbətlər idi. Adam 1 ildir ayağını AFFA-dan çəkib, Premyer Liqada klub sayı da artı, I Diviziona yeni komandalar gəldi, millinin oyununda, nəticələrində müsbətə doğru dəyişikliklər oldu. Federasiyada heyət tam dəyişsin, bunun adamları yavaş-yavaş təmizlənsin, hansı ki, artıq bu işlərə start verilib, ümid edirəm bundan da yaxşı olacaq.

Son iclasda qəbul olunan qərarlara gəlincə, nəhayət, gec də olsa, biz deyənə gəldilər. I Divizion əvəzedicilərdən ayrıldı. Ki, çox düzgün addım idi. Divizionu uşaq bağçasına döndərmişdilər. Halbuki zaman-zaman deyirdik ki, futbolumuzun, Premyer Liqamızın, aşağı yaş qruplarından ibarət milli komandaların inkişafını istəyiriksə, I Divizionun səviyyəsi qalxmalı, orada ciddi islahatlar getməlidir. Növbəti mövsüm üçün 10 komanda əla oldu. Dövlət hər komandaya 300 min yardım edəcək, bu lap əla. Təbii, mən də çox istərdim ki, bizdə də müstəqil sponsorlar olsun, klub heç kimdən asılı olmasın. Amma müstəqil sponsor yoxdursa, dövlətin bu addımını da alqışlamaq lazımdır. Dövlət pul ayırıb, onun şəffaf xərclənməsinə nəzarət etməli, işin futbol tərəfinə, futbol idarəçiliyi tərəfinə müdaxilə etməməldir. Belə baxanda zatən sovet vaxtı da bütün klublar birbaşa dövlətdən maliyyələşirdi. Hər klub bir zavoda, fabrikə, idarəyə təhkim olunmuşdu. Əsas odur ki, işi bilənə tapşırasan və müdaxilə etməyəsən. Sözüm odur ki, demək ki, bu işləri 5 il qabaq da görmək olardı, amma bəlli şəxs və şəxslər eləmirdi.

İkinci vacib bir məqam "Region Liqası"nda oynayan klublar üçün 3 il tələbinin yığışdırılması oldu. Bu qadağa, ümumiyyətlə, absurd idi, ilk gündən bunu deyirəm. Hətta "Region liqası" yeni yarananda o vaxt ölkə kubokunun püşkatma mərasimində PFL-in sabiq prezidenti Ramin Musayevə də bu haqda fikrimi bildirmişdim ki, heç bir ağıllı iş adamı, sponsor 3 il "Region Liqası"nda boş yerə pul xərcləməyəcək. Mən 3 il pul xərcləyim eyni liqada qalım 3 ildən sonra da I Diviziona buraxacaqlar, ya yox, bunun özü də böyük sual idi. Bu absurd qadağanın nəticəsi idi ki, "Uğur" kimi komandanı itirdik. "Region Liqası"nı məhəllə futboluna döndəriblər. Kimin kefi istəyir oyuna getmir, kimin kefi istəyir hakimi döyür və s. Adam sənin qarşısına deyək ki, 300 minlik bank təminatı qoyursa, sən o komandanı niyə 3 il "Region Liqası"nda oynamağa məcbur edəsən? Əgər niyyət maliyyə dayanıqlığına, klub stabilliyinə əmin olmaq idisə, II dəstəni yaradardın. "Region Liqsı"nın qalibinə II dəstəyə vəsiqə verərdin. Orda da qalib olandan sonra I Diviziona buraxardın. I Divizionda da qalib olandan sonra adam bütün idman prinsipləri ilə gələcəkdi Premyer Liqaya. UEFA-nın klublar haqda 3 illik mövcudluq qaydası da yerirə yetirilmiş olurdu. Nəhayət bu absudr qadağa da ləğv olundu, amma arada itirən, daha 3-4 il geri düşən futbolumuz oldu.

İclasda suları bulandıran yeganə məqam 2024-28-ci illər aralığında UEFA-nın maliyyə dəstəyi ilə regionlarda yeni stadionların tikilməsi ilə bağlı oldu. Hansı ki, əksəriyyət elə düşünür ki, deməli hazırkı AFFA rəhbərliyi daha 4 il futbolun başında olacaq və bu bənd də ona işarədi. Düzdür, hər şey ola bilər. Rövnəq Abdullayevin prezidentlik müddəti gələn il bitir və böyük ehtimalla gedəcək. Narahatlıq var ki, Elxan Məmmədov qayıdıb vahid namizəd və AFFA-nın yeni prezidenti ola bilər, amma o qədərinə inanmıram. Çünki Fərid Qayıbov elə-belə gəlib o toplantıda oturmamışdı...

 

Anar XANLAROV