
Gəncə stadionu bərbad durumda: hər an faciə yaşana bilər FOTOLAR
- 02 Apr 2023 12:00
- 682
Yəqin ki, "Kəpəz" - "Səbail" matçını izləyənlərin diqqətini ilk növbədə Gəncə stadionunun bərbad durumda olan qazonu çəkdi. Saralmış qazon. Sizə deyək ki, həmin saralmış ərazidə əslində qazondan əsər-əlamət qalmayıb. Onlar hamısı sarı torpaq, qumdu. Ot tamamilə yanıb məhv olub.
Gəncəyə ezam olunmuş Rekord.az əməkdaşı oyundan sonra aşağı düşərək, qazonu yaxından müşayət edib və fotolarını çəkib. Vəziyyət ekranda göründüyündən daha acınacaqlıdır. "Səbail"in baş məşqçisi Şahin Diniyev əbəs yerə demədi ki, futbolçularln ayağı yerə batırdı və bu zaman zərbə olacağı halda həmin ayaq qırıla da bilər. Həqiqətən də bu cür qazonda futbol oynamaq hər an faciə ilə bitə bilər.
Problemlə maraqlandıqda məlum oldu ki, sən demə, 2017-ci ildə qazon dəyişdiriləndə yeni qazonun istismar müddəti 3 il nəzərdə tutulmuşdu. Yəni 3 ildən sonra qazon dəyidirilməli idi. Bunun özü də çox maraqlıdır ki, təbii örtüklü qazona niyə bu qədər qısa müddətdə istismar müddəti qoyulub. Yaxşı qulluq sayəsində təbii örtüklü qazonları uzun müddət yaxşı vəziyətdə saxlamaq olur. Hər halda, deyilən kimidirsə, Gəncə stadionunun qazonu öz istismar müddətini 3 il əvvəl aşa vurub. Demək ki, 3 ildir bu qazon əlavə istismar olunur. Bundan başqa, görünən odur ki, ota yetəri qədər qulluq da göstərilməyib, lazımı gübrələr, dərmanlar da vaxtlı-vaxtında verilməyib. Hər halda, bu qazonu AFFA salıb, özü də külli miqdarda vəsait hesabına. Çıxıb məntiqli açıqlama versələr yaxşı olar.