1967-ci il Azərbaycan futbolu üçün əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, "Neftçi"dən başqa, daha bir klubumuz SSRİ çempionatının Güclülər Dəstəsində oynamaq hüququ qazandı. Söhbət o vaxt hazırda "Kəpəz" adlanan o vaxtkı "Dinamo" Kirovabaddan gedir.

Rekord.az xəbər verir ki, 20 komandanın mübarizə apardığı I Dəstənin yer aldığı qrupunu lider kimi başa vuran gəncəlilər digər yarımqrupların liderləri Karaqanda "Şaxtyor"u və Kiyev OİK-i ilə keçid matçları oynamış və onları da üstələyərək tarixlərində ilk dəfə SSRİ-nin futbol elitasına vəsiqə qazandılar.

Düzdür, təmsilçimiz orada möhkəmlənə bilmədi və bir mövsümdən sonra sonuncu pilləni tutaraq yenidən I Dəstəyə qayıtdı. Lakin bununla belə, Gəncə təmsilçisinin yüksək liqaya vəsiqə qazanmasının özü belə, o dövr üçün böyük hadisə idi. "Dinamo"nun elitaya vəsiqə qazanması isə Gəncədə böyük təntənə ilə qeyd olunmuşdu. Həmin dönəmi özündə əks etdirən tarixi fotoları sizə təqdim edirik.