Gedək, sənə şar verim...
- 23 Fev 2022 10:26
- 1174
“Dağ Məhəmmədə tərəf gəlməsə, Məhəmməd dağa tərəf gedər” – atalarımızın belə bir məsəli var. AFFA-nın “uğurlu daxili və xarici” siyasəti sayəsində Azərbaycanda bölgə klubları bir-birinin ardınca canını tapşırdı, əyalətdə yaşayan azarkeşlər “böyük futbol”un həyəcanına həsrət qaldılar. İllərlə belə davam etdi, adamların qılınclarının dalı da kəsdi, qabağı da. Bir də gördülər ki, vəziyyət qəlizdi, apardıqları bu fiasko siyasəti onların əleyhinə çevrilib, batmaqdadılar. Onda da valı dəyişdirdilər, AFFA-nın icraçı vitse-prezidenti və eyni zamanda baş katibi Elxan Məmmədov qurumun anbarlarında çürüməkdə olan topları, formaları çantalara doldurub bölgələrə səfərə çıxdı.
Bununla da kifayətlənmədilər, özlərinə bölgə klubu yaratmağa qərar verdilər. Amma harda idi onlarda o bacarıq ki, qısa müddətdə əyalətdə peşəkar futbol klubu yaratsınlar? Region Liqasına baxmayın, həvəskar komandanı bir həftənin içində yaratmaq olar. Peşəkar futbolda isə məsələ bir az qəlizdi. Ona görə də problemi özünəməxsus şəkildə həll etməyə qərar verdilər. Ərkləri də “Keşlə”yə çatdı. Tez-tələsik qərar qəbul olundu ki, “Keşlə”ni Şamaxıya köçürsünlər, klubun adını da həmin rayonun adına uyğunlaşdırsınlar. Dünya futbolunda belə şeylərə hər gün rast gəlməzsən. Lakin AFFA və Azərbaycan futbolu üçün belə qəribə və gülməli hadisələr adi şeylərdi. Ona görə də heç də təəccüblənmədik. Elə yazının əvvəlində qeyd etdiyim məsəldəki kimi, əyalətdə futbol klubu yarada bilmirsənsə, paytaxtdakı klubların birini əyalətə apar.
Atalarımızın bir müdrik kəlamı da var. Deyirlər ki, quyuya su tökməklə onu doldurmaq olmaz. AFFA tələskənlikdən bu məsəli unudub. Ola bilsin ki, Şamaxının Bakıya yaxın olması onları buna vadar edib. Futbol ənənələri ilə öyünən neçə-neçə rayonumuz qala-qala “Keşlə”nin Şamaxıya köçürülməsinə başqa izah tapmaq çətindi. Bu köçlə bərabər AFFA Şamaxıda digər tədbirlər də həyata keçirir və bununla göstərmək istəyirlər ki, rayonun futbol həyatı canlanır, uşaqların top oyununa həvəsi artır. Hər işdə olduğu kimi, burda da ortaya gülməli, alayarımçıq işlər çıxarırlar. Bunlardan birinə diqqət edək. AFFA-nın rəsmi saytında qeyd olunur ki, onların təşkilatçılığı ilə rayonda yerləşən məktəblərdə təhsil alan 11-12 yaşlı uşaqlar arasında keçirilən mini-futbol turniri başa çatıb. 10 məktəbin qatıldığı turnirin finalında Avropa Liseyini 3:0 hesabı ilə məğlub edən 3 nömrəli tam orta məktəbin kollektivi turnirin qalibi olub. Qalib komanda Şamaxı futbol məktəbinin koordinatoru Vəli Qasımov tərəfindən müxtəlif hədiyyələr və diplomlarla təltif edilib.
Bura qədər hər şey qaydasındadı. Vəli Qasımov boyda futbol veteranının Şamaxıya yollanması isə uşaqlar üçün əla stimuldu. Di gəl ki, dağdan ağır Vəli bəyi Şamaxıya göndərən AFFA ona uşaqlara təqdim etmək üçün həqiqi kubok verməyi unudub. Turnirin qaliblərinə 1 rəqəmi formasında, içi helium qazıyla doldurulmuş şar verilib. Biçarə uşaqlar da həmin o şarın ətrafına toplaşıb, Vəli Qasımovla şəkil çəkdiriblər. İdman malları satılan mağazalarda uşaqlar üçün satılan xatirə kuboklarının 15-20 manat qiyməti var. Bu yaxınlarda birini azyaşlı oğlumu həvəsləndirmək üçün almışdım. AFFA “böyük futbol” gətirməsiylə öyündüyü Şamaxıdakı uşaqlara kiçik bir kubok da qıymayıb. Deyiblər ki, gəlin, sizə şar verək...