Futbola da KOBİA gəlsin!
- 15 İyn 2022 11:36
- 816
Futbol - sevgi, hisslər, həyəcan dolu, insanlığın fikirləşdiyi ən böyük və ən populyar idman növüdü. O bizi dəli də edə bilər, məhv də, yenidən dünyaya qaytara da. Bəzən onun həyatdan daha vacib məhfum olduğunu da deyirlər. Yanlış ifadə deyil, əslində. Dünya insanı futbolla nəfəs alır desək, yəqin ki, yanılmarıq.
Azərbaycanda da saysız-hesabsız insan futbolla nəfəs alır. Amma çətinliklə. Ağır, qəbuledilməz məğlubiyyətlər, uzun illər boyu darmadağın edilən təsərrüfatımız bizi oksigensiz qoyub. Faktiki süni nəfəs aparatındayıq. Ölməmişik, amma buna yaşamaq da demək çətindi.
“Qarabağ” adlı istisnanı çıxsaq, bu ölkədə futbol adına demək olar ki, heç nə yoxdu. O da ona görə ki, bu klubun idarəetməsinə AFFA təsir edə bilmir. Bilsəydi, o da bu kölgədə itəcək, bizi yeganə nəfəslikdən məhrum edəcəkdi.
Klublarla yanaşı, milli komandalar səviyyəsində iş də yerin dibindədi. Daha dəqiq desək, FİFA sıralamasının 129-cu pilləsində. Bundan gerisi, dibi yoxdu. Adını eşitmədiyimiz, xəritədə yerini bilmədiyimiz, az qala normal futbol təsərrüfatı, ənənəsi olmayan ölkələrdən geri qalırıq və hələ bunu normal bir şey kimi bizə sırımağa cəhd edənlər var. Futbol üzrə milli komanda ölkənin qürur yox, utanc yerinə çevrilib və bu artıq bir faktdı.
Dünən hamımız böyük məmnuniyyətlə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib” xəbərini oxuduq. Dövlətimizin başçısının atdığı bu addım təqdirəlayiqdi. Ölkəyə rəhbərlik edən şəxsin idmanla, xüsusilə də futbolla bu qədər yaxından maraqlanması, diqqət mərkəzində saxlayaraq belə dəyər verməsi hamımız üçün böyük bir şansdı. İlham Əliyevin böyük futbol azarkeşi olduğunu hamımız bilirik. Əminəm ki, o da vəziyyətdən xəbərdardı və lazımi addımı atır və atacaq.
Son bir ildə ölkə idmanında görülən işlər, edilən müdaxilələr, yenilənmələr öz müsbət effektini verməkdədi. İdman federasiyalarında dəyişikliklər, tətbiq edilən müasir idarəetmə üsulları qısa zamanda gələcəyə ümidlə baxmağımıza imkan verir. İndi hər kəs bu islahatlar dalğasının futbola da gəlməsini gözləyir. Növbə çatıb.
Prezidentlə görüşdə ön planda islahatçı Gənclər və İdman naziri Fərid Qayıbov və Minifutbol Federasiyasının rəhbəri Orxan Məmmədov vardı. Təsadüfi deyil. Məmmədov futbolçularla birlikdə Slovakiyada qazanılan çempionluğun əsas səbəbkarlarındandı. Məhz onun dəstəyiylə minifutbol yığmamız tarixi uğuru əldə etdi. O həmçinin son illər doğru idarəetməsiylə seçilən “Zirə”nin də prezidentidi və bu klubda görülən işləri müsbət qiymətləndirmək olar. Qısası, adam futbol adamıdı, futbolu sevir və yaxşı idarəçidi.
Və bu idarəçilik qabiliyyətini yalnız futbolda sübut etməyib.
Orxan Məmmədov 2018-ci ildən həm də Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədridi. Qurum ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.
KOBİA-ya rəhbərlik etmək asan iş deyil. Ölkənin bütün regionlarında biznesin inkişafına dəstək göstərərək strateji sahələri, xüsusilə də qeyri-neft sektorunu inkişaf etdirmək üçün vacib addımlar atan təşkilata uğurla başçılıq etmək üçün xüsusi bacarığa malik olmaq lazımdı. Nəzərə alsaq ki, bu posta təyinat alanda onun cəmi 34 yaşı vardı, işin miqyas və məsuliyyəti aydınlaşır.
Niyə bu qədər təfərrüata varıram? Bəli, futbol sevgidi, amma futbol həm də biznesdi. Dünyanın aparıcı ölkələrində o həm də bir gəlir mənbəyidi. Gəlirsiz klubun ömrü də maliyyənin kəsildiyi vaxta qədərdi. Bu günə qədər Azərbaycanda klub qəbiristanlığının sakinlərinin həyat hekayələri aşağı-yuxarı eynidi. Kiminsə pulu var idi, futbola gəldi, xərclədi, pul qurtarandan sonra getdi, klub da onun dalınca. Yoxluğa doğru.
Bunun nəticəsi idi ki, futbola sosial layihə kimi baxılmağa başlandı və dövlətdən ayrılan pullarla ayaqda saxlanılmağa çalışıldı. Məcburən heç bir kökü, ənənəsi, mahiyyət və mənası olmayan komandalara ciddi məbləğlər xərcləndi, süni şəkildə həyatda saxlanıldı. Ancaq bu proses uzun çəkə bilməzdi, çünki nəinki Azərbaycanda, bütün dünyada böyük pullar erası başa çatıb və qənaət dövrü başlayıb. Xüsusilə post-müharibə dövrü yaşayan ölkəmizdə böyük maliyyənin futboldan daha vacib sahələrə yönəldiməsi gərəkdi. Belədə, effektiv idarəetmə ilə kiçik və orta biznes mühitini idmana, xüsusilə də onun ən populyar və faktiki yeganə gəlir gətirə biləcək növünə yönəltmək fikri ən ağlabatanlardan olardı. Futbol artıq dotasiya alan yox, büdcəyə və ölkə iqtisadiyyatına xeyir verən sahəyə çevrilməlidi. Bunun üçün isə biznes mühiti ilə effektiv işləməyi bacaran bir mexanizmə ehtiyac var. KOBİA da bunun ən yaxşılarındandı. Ölkənin bütün regionlarında iş adamları ilə çalışa biləcəyini sübut edən qurumun təcrübəsinin futbolda da tətbiqi ciddi təkana çevrilə bilər.
Nə ola bilər? Regionlarda kiçik tutumlu (məsələn, “Qəbələ” şəhər stadionu tipli) çox sayda arenalar qurula, akademiya sistemi fəaliyyətə başlaya, kütləviliyin artırılması, gələcəkdə istedadlı futbolçuların yetişdirilməsi (sonradan satışından gəlir əldə edilməsi) istiqamətində nəhəng addımlar atıla bilər. Azərbaycanın futbol potensialı var və bunun tam reallaşması haqqında düşünəndə belə adamı həyəcan təri basır. Təsəvvür edin ki, bu çarx dönəcəyi halda neçə klublar yaranacaq, bölgələrdə insanlar futbola cəlb ediləcək, minlərlə, onminlərlə yeni istedad ortaya çıxarılacaq…
Hələ ki, arzudu. Amma reallıqdan o qədər də uzaq deyil.
Bu sistemi digər sahələrdə qura bilmiş, həyata keçirə bilmiş mexanizmin futbola da gəlişi tunelin sonunda bir işıq ucu ola bilər. Orda alınıbsa, burda niyə alınmasın ki?
Düşünürəm ki, AFFA-dakı mümkün və çoxdandı gözlənilən rəhbər dəyişikliyində yeni prezidentin kimliyinə əsas namizədin adı məlumdu. Orxan Məmmədov ölkə futbolunu idarə etmək üçün hazırda ən ideal şəxsdi. Gənc, çalışqan və ən əsası futbolu bilən və sevən birisinin bu postu tutması ancaq və ancaq müsbət effekt verə bilər.
Kənan Məstəliyev