
Futbola "alverçi Rasim" təfəkkürü ilə yanaşanlara Ehtiram Quliyev nümunəsi
- 10 Avq 2025 15:00
- 153
"İmişli"nin Quba stadionda oynayacağı deyilsə də, bu gün məlum olub ki, bu, baş tutmayacaq. Çünki klub rəhbərliyi PFL-in verdiyi tövsiyyələrə əməl etməyib, stadionda Premyer Liqa oyunlarının keçirilməsi üçün bəzi nöqsanları aradan qaldırmayıb. Buna görə də iki ev oyununu Şamaxıda keçirəcəklər və Qubadakı nöqsanları həmin müddətdə həll etməlidirlər. İndi bir məsələ var. Əsasnaməyə görə, bir komanda mövsüm ərzində iki stadionu ev stadionu kimi təqdim edə bilər. Yəni üçüncü stadionda ev oyunu keçirə bilmərsən. "İmişli" getdi Şamaxıda iki ev oyunu oynadı, sonra da gəldi Qubada oynadı. Bu isə o deməkdir ki, İmişli stadionu hazır olsa belə, əsasnamənin tələblərinə görə, komanda bu mövsüm İmişlidə oynaya bilməyəcək...
Bütün bu hadisələrin cərəyanı fonunda qarşıma "Turan Tovuz"un idarə heyətinin sədri Ehtiram Quliyevin klubun mətbuat xidmətinə verdiyi müsahibə çıxdı. Həmin müsahibədə diqqətimi bir məqam çəkdi. Quliyev infrastrukturla bağlı sualı cavablandırarkən belə bir cümlə işlətdi ki, İnfrastruktur düşünəndə düşünmədik ki, stadion kimin balansındadır, mülkiyyət kimə qalacaq. Əslində çox böyük cümlədir. Adam deyir ki, sonunda nə ediriksə, "Turan Tovuz" üçün edirik, Tovuz futbolu üçün edirik. Bu təfəkkürdə insanlar lazımdı bizim futbola. "İmişli" rəhbərliyi də deyir ki, stadion bizim mülkiyyətimizdə deyil, ora niyə pul xərcləyək? İmişli futbolu, İmişli azarkeşi adına xərcləyin də. Onsuz cibinizin pulunu xərcləmirsiniz ki, dövlətin ayırdığı pulu xərcləyirsiniz. Yadıma lap "Bəxt üzüyü" filmində alverçi Rasimin Tarnrıverdi kişiyə dediyi söz yadıma düşdü: "Mən bu ağacları sulayacam, böyüyəcək, meyvəsindən onun-bunun uşaqları yeyəcək". Təəssüf ki, bizim əksər klub rəhbərləri də işinə məhz Rasim kimi, yəni alverçi təfəkkürü ilə yanaşır. Yəni mənim deyilsə, mənim xeyirim yoxdursa, niyə əziyyət çəkim, niyə pul xərcləyim. Bu gün Tovuz stadionu da "Turan Tovuz"un balansında deyil, Ehtiram Quliyev nə iş görürsə, Tovuz futbolu, Tovuz azarkeşləri üçün edir. Məsələn, pul xərclədi ikinci binanı tikdi, işıqlandırma sistemini qurdu, tablo quraşdırdı, stadionun süni örtüyünü təbii örtüklə əvəzləyir. Nə vaxtsa bu şəxs klubdan getsə, həmin projektorları, tablonu, təbii örtüyü, 4 mərtəbəli binanı özü ilə aparmayacaq, hamısı "Turan Tovuz", Tovuz futbolu üçün qalacaq. Eləcə də sahibsiz, qumlu-daşlı ərazidə sıfırdın qurduğu akademiya üçün meydançaları da həmçinin, Tovuz üçün, tovuzlu uşaqlar üçün tikir. Əlində imkan olan hər bir klub rəhbəri işinə bu cür yanaşmalıdır. Azərbaycan futbolunun, azərbaycanlı futbolçuların inkişafı üçün.
Anar XANLAROV