
“Ermənistandan təklif alsam da, Azərbaycanı üstün tutdum” - Murad Musayev
- 24 Okt 2022 19:20
- 491
“Sabah”ın baş məşçisi Murad Musayev “sports.ru” saytına geniş müsahibə verib.
Rekord.az xəbər verir ki, o, Rusiya klublarından aldığı təkliflər barədə bunları söyləyib:
“Rusiyaya qayıtmaq variantım vardı. Orada Premyer Liqanın 5 klubundan təklif almışam. Gələn təkliflər çox yaxşı idi. Rusiyadakılar ilk “5-lik” komandaları deyildi. Amma mən hər şeyi atıb gedə bilməzdim”.
Rusiyalı mütəxəssis “Sabah”a gəlməzdən əvvəl Avropanın bir neçə klubundan, hətta Ermənistandan da təkliflər aldığını gizlətməyib: “Amma Azərbaycanı üstün tutdum, Avropadan gələn təkliflərdən imtina etdim. Məsələn, “Ferensvaroş”un prezidenti ilə görüşdüm. Sonra fərqli seçim etdilər, amma yenə də zəng edib bəzi futbolçularla bağlı mənimlə məsləhətləşdilər. Həmçinin Ermənistanın iki klubundan zəng etdilər, birbaşa təkliflər idi. Danışdıq, amma maraqlanmadım. Slovakiyada maraqlı variant var idi, o da alınmadı”.
Musayev “Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışı haqqında da danışıb. O, Ağdam klubunun sabit struktura malik olduğunu söyləyib:
“Qarabağ” Rusiya ilə müqayisədə daha az pula keyfiyyətli oyunçular alır. 14 ildir ki, komandaya bir məşqçi rəhbərlik edir. Hər şey kərpic-kərpic hörülüb. Artıq 9 ildir ki, avrokubokların qruplarında oynayırlar”.
Azərbaycan çempionunun iki eynigüclü heyətə malik olduğunu deyən Musayev itkilər olsa da, komandanın dayanmadığını qeyd edib: “Ən vacib məsələ, komandanın iki güclü heyəti var. Onlar Avropada bir heyətlə oynayıb üç gün sonra isə fərqli oyunçularla Azərbaycanda meydana çıxacaqlar, oyun keyfiyyətindən isə heç nə itirməyəcəklər. Məsələn, “Ferentsvaroş” ilə ev matçında yarımmüdafiəçi, əsas oyunçu Kadi, üstəlik iki mərkəz müdafiəçisi yox idi, hansı ki, onlardan biri komandanın kapitanıdır, ancaq yenə onları dayandırmaq mümkün olmadı”.
38 yaşlı çalışdırıcı “Qarabağ”ın Avroliqadakı “Olimpiakos” və “Nant”la oyunlarını xatırladıb: “Onların hərəsinə 3 cavabsız qol vurduqları “Olimpiakos” və “Nant”la matçlarına baxsanız, üstün tərəf olduqlarını başa düşəcəksiniz. Komanda əks-hücum taktikası ilə oynamır, qapının ağzında “avtobus” qoymurlar. Cinahları çox fəal istifadə etdikləri dörd müdafiəçili sistemlə çıxış edirlər. Buna qədər Çempionlar Liqasında Polşa, İsveçrə, Macarıstan çempionlarını keçiblər. Bütün oyunlarda rəqiblərindən üstün olublar”.
Xatırladaq ki, 39 yaşlı Murad Musayev 1 ildir “Sabah”ı çalışdırır. Onun komandası hazırda Azərbaycan çempionatında lider “Qarabağ”ın əsas izləyicisidir.