"Arsenal"ın və "Ayaks"ın sabiq futbolçusu Yaya Sanogo ötən gün Ermənistanın "Urartu" klubuna transfer olundu.

Rekord.az xəbər verir ki, futbolçu sözügedən klubla 2.5 illik müqavilə bağlayıb.

Heç də kasad karyerası olmayan və üstəlik, 30 yaşı yeni tamam olan bir futbolçunun çempionatı aşağı səviyyədə olan bir ölkəni seçməsi çoxları tərəfindən təəccüblə qarşılandı. Lakin sonradan məlum oldu ki, Sanogo 1 ildən artıqdı futbol oynamır və ciddi klublardan təklif almadığı üçün "Urartu"nu seçməyə məcbur olub. İşin ən maraqlı tərəfinə gəlincə, etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Sanogo Azərbaycan çempionatında da oynaya bilərmiş. Belə ki, "Urartu"dan öncə onu "Turan Tovuz"a təklif ediblər. Futbolçunun meneceri ilə ilkin danışıq da olub, razılıq da. Futbolçu Tovuz təmsilçisinin Antalya toplanışına qatılıb rəsmi müqaviləyə imza atmalı imiş. Lakin son anda "Turan Tovuz" Sanogonun xidmətindən imtina edib. Düzdür, burda futbolçunun 1 ildən artıq müddətdə futbol oynamamasının doğurduğu risk də müəyyən rol oynayıb. Amma əsas məsələ Tovuz təmsilçisinin futbolçunun xroniki zədəsinin olmasına dair məlumat əldə etməsi olub. Məhz bu məlumatdan sonra transferdən imtina olunub.