"Qarabağ"ın icraçı direktoru Əmrahn Çəlikək "Olimpiakos" üzərindəki 3:0-lıq qələbədən sonra Yunanıstana ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib:

 

- Hamını təbrik edirəm. Çox gözəl, möhtəşəm oynadıq. Bu cür böyük ajiotaj, təzyiqə rəğmən, evə gözəl nəticə ilə qayıdırıq.

- Bu cür hesablı qələbə gözləyirdiniz?

- Açığı qələbə gözləyirdik, amma hesabın bu cür böyük olacağını təxmin etmirdik.

- Bundan öncə "Nant"ı da böyük hesabla məğlub etmişdiniz. Bu cür rəqibləri ardıcıl olaraq bu cür hesablarla məğlub etməyin səbəbini nədə görürsünüz?

- Əvvəla onu deyim ki, bu. bizim üçün böyük məsuliyyətdir və davamlı olması lazımdır. "Qarabağ", Azərbaycan bunu haqq edir, futbolçuların da əziyyəti yerdə qalmamalıdır. Bu cür nəticələrin qeydə alınması komandadakı inamın nəticəsidir. Həmişə deyirəm ki, "Qarabağ"da bpyük inam və birlik var. 

- İnam bu mövsüm "Qarabağ"ı hara qədər apara bilər?

- Nə qədər inam var, o qədər də getməyimiz lazımdır.

- Bu günə qədər "Qarabağ" bir sıra aparıcı futbolçularını digər klublara satıb. Ndlov, Vadji, indi də Kadiyə, Zubirə təkliflər var. Maraqlıdır, nə vaxtsa Qurban Qurbanova Avropanın iddialı klublarından təklif gəlsə, reaksiyanız necə olar?

- Hamımızın reaksiyası Qurban müəllimin verəcəyi reaksiya olacaq. Hər zaman öyrənmişik ki, Qurban müəllim ən düzgün olan qərarı verir. Belə vəziyyətdə özü hansı qərarı versə, biz də onu dəstəkləyəcəyik.

- Sanki adam "Qarabağ"ı Qurban Qurbanovsuz, Qurban Qurbanovu isə "Qarabağ"sız təsəvvür edə bilmir...

- Elədir. Qurban Qurbanovun bu komandada hansı əziyyəti çəkdiyini biz gözəl görürük və bilirik. Ona görə əminliklə deyirəm ki, bu insan ən yüksək yerdə olmağı haqq edir. Deyərdim ki, bu gün onun üçün ən yaxşı yer də elə "Qarabağ"dır və biz də onunla olmaqdan mənmunuq.