Dünən "Futbol plus" qəzetində "Turan"ın təsisçisi və sabiq prezidenti Vidadi Əhmədovun müsahiəsini oxudum. Müsahibədə diqqətimi çox maraqlı bir məqam çəkdi. Sən demə hələ bir neçə il öncə "Turan Tovuz"un Premyer Liqada oynaması mümkün idi. Lakin AFFA-nın sabiq icraçı vitse-prezident-baş katibi Elxan Məmmədov buna imkan verməyib. Necə? Müsahibənin bu hissəsini oxuyaq:

 

"2 il öncə idi. Onda “Turan Tovuz” çempion olmuşdu. Halal zəhməti ilə premyer-liqaya gəlməyə haqq qazanmışdı. Dəqiq bilmirəm, deyəsən, klubun səhmləri AFFA-ya məxsusdu. Biz təklif irəli sürmüşdük ki, struktur dəyişikliyi olsun. Klubun səhmləri satışa çıxarılsın. 51 faiz yenə AFFA-ya məxsus olsun. Qalanı isə tovuzlu iş adamlarına satılsın. Hərə öz istədiyi qədər hissəni pul qarşılığında alsın. Bunu həm Açıq Səhmdar Cəmiyyət, həm də Qapalı Səhmdar Cəmiyyət kimi də yaratmaq olar. 51 faizlə AFFA əsas söz sahibi ola bilərdi. Burda bir məqsədimiz var idi ki, maliyyə çatışmazlığını aradan qaldıraq. Bundan əlavə, “Turan Tovuz”un gələcəkdə yaşamasına şərait yaradaq. Amma Elxan Məmmədov təklifimizlə razılaşmadı".

 

Belə açıqlamaları görəndə ən azı vicdanımız rahat olur ki, kiməsə əbəs yerə şər atmırıq, kiminsə haqqına girib haqsız yerə ittiham eləmirik. Demək ki, illərdi dediklərimiz, yazdıqlarımız, gəldiyimiz qənaət tam düzgündür. Yazdığımız, dediyimiz də odur ki, hazırkı AFFA rəhbərliyi və orada əsas idarəedici fiqur olan Elxan Məmmədov Azərbaycanda futbolun inkişafını istəmir, bölgə futbolunun inkişafında maraqlı deyil, müstəqil sponsorların futbola gəlişini istəmir, futbolu bütünlüklə öz monopolyasında saxlamaq istəyir. Vidadi bəyin bu açıqlaması da sözlərimizin sübutudur. Bu problem tək "Turan Tovuz"la bağlı deyil, eyni hal "Zaqatala"da da yaşanıb, digər bölgə klublarında da. Bir neçə dəfə olub ki, hansısa iş adamı hansısa komandanı himayəsinə götürmək, ona pul qoymaq istəyində olub, amma AFFA süni maneə yaradaraq buna imkan verməyib. Tanımadığınız adam olanda bəhanə edirsiniz ki, tanımırıq kimdir, futbola nə məqsədlə gəlib. Vidadi Əhmədov bütün malını, pulunu "Turan", "Tovuz futbolu üçün qoymuş bir şəxsdir, siz əslimdə özünüz maraqlı olmalıydınız ki, bu adam belə bir təkliflə AFFA-ya gəlib və müştərək iş ortaya qoyub "Turan Tovuz"u elitaya gətirək. Elxan Məmmədova sual vermək lazımdır ki, Vidadi müəllimin təklifini niyə qəbul etməyib? Lap əla da təklifdir də, səhmlərin 51 faizi, yəni daha çoxu onsuz da AFFA-da qalır, qalan 49 fazi də kluba pul qoymaq istəyən şəxslər arasında bölünür. Tam məntiqli, şəffaf bir təklifdir, Elxan Məmmədov başqa nə istəyirdi ki? Yəni biz deyən məsələdir, bunlar istəyir ki, iş adamı gətirib pulu versin bunlara, amma özü çəkilsin dursun qıraqda heç bir işə qarışmasın, klubu da ancaq bunlar özləri idarə etsin, söz sahibi də yalnız özləri olsun. Sizin niyyətiniz, məqsədiniz budur. Ona görə də Vidadi müəllimin təklifini qəbul etməmisiniz. Siz nəinki 49, heç 1 faiz səhmlərin də başqa şəxsdə olmasını istəməsriniz. Çünki "Turan Tovuz"u, eləcə də nəzarətinizdə saxladığınız digər klubları da öz dədənizin şəxsi malı, mülkü, obyekti gözündə görürsünüz. Bütün idarəçilik yalnız sizdə olmalı, söz sahibi yalnız özünüz olmalısınız. Bağışlayın məni, özünə hörmət edən hansı iş adamı bu formada futbola pul qoyar? Mən də olsam qoymaram. Amma söz düşəndə çıxıb deyirsiniz ki, AFFA-ya kömək edən yoxdur, yerli iş adamları doğma rayonlarının, şəhərlərinin komandasına kömək etmir. Necə deyərlər, əsl şantaj.

 

Anar XANLAROV